Vəkillər məcburi köçkünlərə pulsuz hüquqi yardım göstərdi - Fotolar


14:33     09 Dekabr 2019 2019/12/W2_1575888066.jpeg

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunub. Göstərilən tövsiyənin icrası ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən silsilə tədbirlər həyata keçirilməkdədir.


Ölkə əhalisinin ən kövrək, həssas təbəqələrindən biri olan qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli, onların sosial müdafiə məsələlərinin gücləndirilməsi daim Azərbaycan dövlətinin diqqət mərkəzindədir.

Femida.az xəbər verir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası pulsuz hüquqi yardım və hüquqi maarifləndirmə ilə bağlı növbəti tədbirini 7 dekabrda məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı “Qobu -2” yaşayış məntəqəsində təşkil edib.



Tədbir çərçivəsində Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən təqribən 100-ə yaxın məcburi köçkün ailəsinə pulsuz hüquqi yardım göstərilib və vətəndaşların müraciətlərinə baxılması qaydaları, pensiya təminatı məsələləri, məcburi köçkünlərin imtiyazları,sahibkarlıq fəaliyyəti, məhkəmə-hüquq islahatları ilə bağlı hüquqi maarifləndirmə işi həyata keçirilib.



Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin qaçqın ve məcburi köçkünlərin məskunlaşdığı digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulub.



Femida.az

Açar sözlər: #vəkil   #kollegiya   #hüquq   #femida  

Oxunub: 885