Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR


10:58     10 Dekabr 2019 2019/12/ed1_7879807970.jpg

Bu gün Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurasının təşkilatçılığı ilə 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbir keçirilib.

Femida.az-ın məlumatına görə, tədbirdə Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Nazirliyin Təşkilat Nəzarət Baş İdarəsinin rəisi Elçin Quliyev, Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov, Mətbuat Şurasının nümayəndələri, QHT və KİV rəhbərləri iştirak ediblər.

Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova son dövrlər KİV-lə əməkdaşlığın genişləndirilməsini yüksək dəyərləndirib.



O, bildirib ki, məhkəmələrdə KİV-lə əməkdaşlıq etmək və məlumatları operativ çatdırmaq üçün xüsusi spiker hakimlər təyin edilib.

Ədliyyə Nazirliyi Təşkilat Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov çıxışında hakimlərin iş yükündən danışıb. O, bildirib ki, məhkəmə işləri il ərzində 1 milyona yaxın insanı əhatə edir. Odur ki, Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanına uyğun olaraq hakimlərin iş yükünün azaldılması nəzərdə tutulub: “Fərman çərçivəsində 40-a qədər layihə hazırlanıb. İxtisaslaşdırılmış məhkəmələrin yaradılması, özəl ekspertizanın yaradılması barədə qanunlar qəbul olunub. Digər qanun layihələri də hazırdır. Mülki-prosessual qanunvericiliyə dəyişikliklərlə bağlı böyük paket qanun layihəsi hazırlanıb. Cəzaların humanistləşdirilməsi ilə bağlı da layihə hazırdır”.



Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov isə deyib ki, bu il Azərbaycanda 6 hakim süründürməçilik və digər pozuntu hallarına görə işdən azad edilib: "39 hakim barəsində intizam icraatı başlanılıb. 2 hakimin səlahiyyətlərinə xitam verilib, 6 hakim isə işdən azad olunub".







Amin Nəzərli

Femida.az

Açar sözlər: #hakim   #məhkəmə   #ədliyyə   #qanun   #hüquq   #femida  

Oxunub: 2592