Sumqayıtda Çeçenistan vətəndaşını öldürən şəxsin istintaqı başa çatıb


15:45     10 Dekabr 2019 1398947325_mehkeme.jpg

Sumqayıtda qəsdən adam öldürməkdə təqsirləndirilən Tural Muxtarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Siyavuş Hacıyevin icraatında olan iş üzrə hazılıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında baş verib. 1987-ci il təvəllüdlü Muxtarov Tural Arif oğlu Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində kirayədə yaşamış Bislan Bakayevi qəsdən öldürməkdə ittiham edilir.

Şəhərin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində B.Bakayevin qəsdən öldürülməsində şübhəli bilinən tutulub, hadisə yerindən cinayətin aləti olan 1 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.

T.Muxtarov müdafiəçinin iştirakı ilə dindirilərkən ifadəsində cinayəti şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı törətdiyini etiraf edib.

T.Muxtarova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

Bislan Bakayev Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşıdır.

Açar sözlər:

Oxunub: 349