Dövlət qulluqçusunun davranışından hara şikayət etmək olar? - Hüquqi YARDIM


16:22     10 Dekabr 2019 19_12_10_1575980568.jpg


Bəzən vətəndaşlar dövlət idarələrində ona lazım olan sənədi, arayışı, məlumatı ala bilmir. Bəzən vətəndaş dövlət qulluqçusunun qeyri-etik davranışları və səhlənkarlığı ucbatından günlərlə süründürməçilik halları ilə qarşılaşır. Bu halda vətəndaş hara şikayət etməlidir? Həmin qulluqçunun çalışdığı quruma yoxsa, başqa bir dövlət orqanına?

Femida.az hüquqi yardım layihəsi çərçivəsində növbəti mövzunu təqdim edir:

Ümumiyyətlə, bu məsələ dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı şikayət və məlumatların qəbul edilməsi, araşdırılması, araşdırmanın nəticəsi barədə məlumatın verilməsi və həmin məsələlərin həlli üzrə təklif, tövsiyyə və təqdimatların verilməsini əhatə edir.

"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununa görə, hər bir dövlət qulluqçusu vətəndaşlarla münasibətdə etik davranış qaydalarına riayət etməlidir.

Əgər vətəndaş hər hansı dövlət orqanında dövlət qulluqçusunun etik davranışlarından narazı qalarsa, bu halda Dövlət İmtahan Mərkəzinə (DİM) bu barədə şikayət edə bilər. Belə ki, dövlət qulluqçularının işə qəbul prosesi DİM tərəfindən həyata keçirildiyi üçün onların bütün ştat bazası bu qurumda yerləşir.

Qeyd edək ki, müraciətin formaları 3 cürdür: elektron şəkildə, poçt vasitəsi ilə və xidmət yerinə gəlməklə.

DİM tərəfindən daxil olan şikayətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar verilir. Əgər daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olarsa, materiallar yoxlanılması üçün müvafiq orqanlara göndərilir.

Mraciətə baxılma müddəti 15 iş günüdür. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 6.4-cü və 8.1-ci maddələrinə əsasən, müraciətin qəbul olunmaması vətəndaşın yenidən müraciət etməsinə mane olmur. Xidmətin həyata keçirilməsi üçün tələb olunan yeganə sənəd şəxsiyyət vəsiqəsi ilə birlikdə müraciətin məzmununu əhatə edən ərizədir.

Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlər qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun olaraq qeydiyyata alınır və icra edilməsi üçün Mərkəzin aidiyyəti şöbəsinə göndərilir. Bundan sonra həmin şöbə tərəfindən müraciətə baxılır. Aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə müraciətçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar müraciət edildikdən sonra müraciətə 1 ay müddətində baxılır.

Müəyyən olunmuş müddət ərzində müraciətə baxıldıqdan sonra onun nəticəsi barədə ərizəçinin elektron poçtuna məlumat göndərilir və ya poçt ünvanına göndərilir. Daxil olan şikayətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar verir, daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərir.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #vətəndaş   #dövlətqulluqçusu   #şikayət   #DİM  

Oxunub: 725