Məişət zorakılığından zərər çəkənlərə hüquqi yardım asanlaşır - 3 qurum memorandum imzaladı


13:15     13 Dekabr 2019 19_12_13_1576228564.jpg


Dekabrın 13-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi arasında məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkilinə dair üçtərəfli anlaşma memorandumu imzalanıb.

Femida.az xəbər verir ki, imzalanma mərasimi Dövlət Komitəsində baş tutub.

Tədbiri Komitə sədri Hicran Hüseynova açaraq Komitəyə daxil olan müraciətlərə əsasən aztəminatlı və həssas qrupdan olan ailələr, şəxslər üçün hüquqi yardımın alınmasının bir sıra çətinliklər yaratdığını vurğulayıb. O, bildirib ki, onların bu sahədə bilik və bacarıqları olmadığından öz hüquqlarını qoruya bilmirlər:

“Bütün bunlar isə vətəndaşların, o cümlədən, məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquq-mühafizə orqanlarında və məhkəmələrdə müdafiəsi üzrə hüquqi dəstəyin verilməsi məsələsinə yenidən baxılmasını tələb edir. Bununla əlaqədar olaraq qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyevin aztəminatlı şəxslərə Vəkillər Kollegiyası tərəfindən ödənişsiz hüquqi yardımın göstərilməsi ilə bağlı imzaladığı Fərmanı bu problemin həllində mühüm bir sənəddir”.

Daha sonra H.Hüseynova sənədin imzalanmasının yaşadığı yerdən, sosial vəziyyətindən, təhsil səviyyəsindən asılı olmayaraq hər bir vətəndaşın bu dəstəkdən istifadə edə bilməsini təmin etmək məqsədi daşıdığını vurğulayıb:

“Çox şadıq ki, BMT-nin Azərbaycan üzrə Nümayəndəliyi, şəxsən cənab Qulam İshaqzai tərəfindən belə bir təşəbbüs göstərildi. Və əminəm ki, bizim Vəkillər Kollegiyası və BMT ilə əməkdaşlıq çərçivəsində başladığımız bu yeni layihə ehtiyacı olan hər kəsin keyfiyyətli hüquqi yardım alması sahəsində öz töhfəsini verəcək”.

BMT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Qulam İshaqzai çıxışında 16 günlük kampaniya çərçivəsində keçirilən tədbirlərdən danışaraq Memorandumun imzalanmasının növbəti əlamətdar hadisə olduğunu qeyd edib. O, bildirib ki, gender əsaslı zorakılığın çox böyük fəsadları var və bu məsələ iqtisadiyyata qlobal müstəvidə maddi ziyan vurur:

“Zorakılıqdan əziyyət çəkən insanların müdafiəsi üçün imzaladığımız Memorandum bu sahədə görülən tədbirləri, Komitə və Vəkillər Kollegiyası arasında əməkdaşlığı daha da möhkəmləndirəcək”.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxışında qeyd edib ki, regionlarda məişət zorakılığında əziyyət çəkənlərə hüquqi yardımın edilməsi sahəsində boşluqlar var. O, həssas qrupdan olan, aztəminatlı ailələrdən olan zorakılıq qurbanlarına vəkillər şəxsi təşəbbüsləri ilə yardım etməyə çalışsalar da, bu məsələni həll etməyə kömək etmir, deyə qeyd edib:

“Bunu aradan qaldırmaq üçün biz səylərimizi birləşdirərək problemləri həll edə bilərik. Memorandumun imzalanması həm dövlətin, həm vətəndaşların, həm beynəlxalq təşkilatların maraqlarına uyğun gəlir”.

Tədbirin sonunda AQUPDK sədri Hicran Hüseynova, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov və BMT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Qulam İshaqzai Memorandumu imzalayıb.

Qeyd edək ki, təşəbbüs bu həftə başa çatmış qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş 16 Günlük Fəallıq kampaniyasının icrası çərçivəsində irəli sürülüb.

Femida.az

Açar sözlər: #hüquq   #məişət   #zorakılıq   #AQUPDK   #VəkillərKollegiyası   #BMT  

Oxunub: 1215