“Şahdağ”da qış mövsümü açıldı


18:03     14 Dekabr 2019 19_12_14_1576331067.jpg

Bu gün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Şahdağ” Turizm Mərkəzində xizək mövsümünün açılışı ilə əlaqədar olaraq KİV nümayəndələri üçün press-tur təşkil olunub.

Femida.az xəbər verir ki, press-tur çərçivəsində media nümayəndələri “Şahdağ” Turizm Mərkəzindəki hotellər və digər turizm obyektləri ilə tanış olublar.

Media nümayəndələri yaradılan infrastruktur, turizm və xidmət obyektlərinin fəaliyyəti, gələcək planlar haqqında ətraflı məlumatlandırılıblar.

Onlara press-tur çərçivəsində kompleksdə yerləşən iaşə obyektləri: 4 hotel, xizək məktəbləri, mağazalar, restoran və kafelərin fəaliyyəti haqda informasiya verilib.

Mərkəzin rəhbəri Rodderich Lefflerin məlumatına görə bu il "Şahdağ" Turizm Mərkəzinə gələn turistlərin sayında 5%-dək artımın olması gözlənilir: "Bizim üçün qonaqların təhlükəsizliyi prioritet məsələdir. Bütün komandamız mövsümün açılışına qədər intensiv təlimlər keçib. Həmçinin kompleksin ərazisində 7 gün 24 saat ərzində fəaliyyət göstərən klinikamız var. Burada nəinki ilkin yardım göstərmək, hətta cərrahiyyə əməliyyatları aparmaq mümkündür. Onu da qeyd edim ki, qonaqlarımız kompleksin ərazisində istifadə etmək üçün əldə etdikləri keçid kartları həm də onların sığortalanması deməkdir".

Qeyd edək ki, "Şahdağ" turizm kompleksində həm əyləncələr, həm də restoran bölməsində qiymətlər 15 faiz endirilib.


Bunu Kompleksin İdarə Heyətinin sədri Rodderix Mark Leffler mətbuat konfransında deyib. O bildirib ki, ötən il qiymətlərin yüksək olması ilə bağlı bəzi iradlar var idi: "Komanda ilə birgə təhlil etdik. Qiymət siyasətində optimallaşdırma həyata keçirdik".

Leffler qeyd edib ki, istər yerli, istərsə də xarici turistlərin qış turizminə marağı var: "Ötən illə müqayisədə növbəti həftələrdə 5 faizə yaxın artım nəzərdə tuturuq. Bu il daha yaxşı nəticələr əldə edəcəyimizə inanırıq. Turistlərin çoxunu yerli turistlər təşkil edir. Daha sonra Rusiya, Qazaxıstan və Avropa ölkələri gəlir".

Femida.az

Açar sözlər: #Şahdağ  

Oxunub: 823