Beyləqanda həbs edilən polkovnik azadlığa buraxıldı


12:38     16 Dekabr 2019 2019/12/15764844289180881995df73e4c72ab2_1576485538.jpg

“Beyləqan rayonunda həbs edilən ehtiyatda olan polkovnik Qadir Vəlişov prokurorluğun vəsatəti əsasında azadlığa buraxılıb”.


Femida.az xəbər verir ki, bu barədə Qarabaz Qaziləri İctimai Birliyinin nümayəndəsi Rey Kərimoğlu bildirib.

O, Qadir Vəlişov haqqında açılan cinayət işinin şər-böhtan olduğunun aşkara çıxacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, “Aprel döyüşləri”nin iştirakçısı, polkovnik Qadir Vəlişov Beyləqan rayonunda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə Cinayət Məcəlləsinin xuliqanlıq (221.3) maddəsi ilə həbs edilmişdi. Daxili İşlər Nazirliyinin məlumatına görə, Q.Vəlişov Beyləqan rayonunun Kəbirli kənd sakini İrfanə Eminova və əri İbrahim Alıyevin şikayəti əsasında həbs edilib. DİN-in məlumatında bildirilib ki, Qadir Vəlişov onların evinə gələrək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri edərək evin pəncərə şüşələrini, məişət əşyalarını sındırıb, İ.Alıyevi və İ. Eminovanı əlindəki çomaqla vuraraq onlara ağır dərəcəli bədən xəsarəti yetirib.

Faktla əlaqədar Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda ) maddəsi ilə cinayət işi başlanılıb. Rayon məhkəməsinin qərarı ilə Q.Vəlişov barəsində 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 641