DİN-dən dəhşətli qəzalarla bağlı - Açıqlama


11:41     18 Dekabr 2019 din%20daxili4.jpg

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.


Femida.az xəbər verir ki, dekabrın 17-də saat 6 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində Saatlı rayon sakini Elvin Nəsibov idarə etdiyi “Hovo” markalı avtomobili yolun kənarına aşırıb və yük yerində olan çınqıl dağılıb.

Nəticədə sürücü və sərnişini - Füzuli rayon sakini Rəşad Rəhimov hadisə yerində ölüblər.

Daha bir yol qəzası həmin gün saat 18 radələrində Lerik rayonunun Babagil kəndi ərazisində baş verib.

Rayon sakini M.Qurbanov idarə etdiyi “Kia” markalı avtomobili körpüdən çaya aşırıb.

Nəticədə sərnişinlərdən Nazim Ağayev hadisə yerində ölüb, sürücü və digər sərnişin xəstəxanaya yerləşdiriliblər.

Bundan başqa, paytaxtın Xətai rayonunun M.Hadi küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Ə.Cəfərova vurulub.

Qadına xəstəxanada ilkin tibbi yardım göstərilib.

36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Changan” markalı avtomobilin sürücüsü, paytaxt sakini E.Cəfərov saxlanılıb.

Şəmkir şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Telman Şıxməmmədov vurulmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Əliyaqublu kənd sakini İ.Mustafayev saxlanılıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1047