Səadət Yusifova: "Azərbaycanın müasir təhsil sistemi yaddaş məktəbindən təfəkkür məktəbinə keçidi özündə ehtiva edir"


13:29     18 Dekabr 2019 2019/12/seadet1_1575355795.jpg

"Qlobal informasiya mühitində insan kapitalı iqtisadi tərəqqi və inkişafın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur. Bu gün insan kapitalına investisiya dövlətin ən gəlirli investiyalarından biri hesab edilir".

Femida.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının Qeyri-hökümət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova "Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, uzunmüddətli perspektivdə insan kapitalı sosial kapitala çevrilir. Bu isə öz növbəsində iqtisadi inkişafa gətirib çıxarır: "Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, iqtisadiyyatı irəli aparan, ölkənin uğurunu nümayiş etdirən onun təbii ehtiyatları deyil, insanları, təhsili, əhalisinin intellektual səviyyəsidir. Bilikli, savadlı, vətənə bağlı, dünyaya açıq gənclik müstəqilliyin başlıca təminatıdır".

S.Yusifova qeyd edib ki, müasir dünyada bilik və yeni texnologiyalar olmasa, uğur qazanmaq mümkün deyil: "Bu gün qlobal anlamda nəsillərin dəyişməsi prosesi gedir. Artıq internetsiz dünyanı təsəvvür edə bilməyən "Z nəsli" yetişir. Bu nəsil qloballaşma və postmodernizm dövrünü təmsil edən ilk rəqəmsal nəsildir. Onların həyata və dünyaya baxışları internetə qədərki dövrün nəsillərindən köklü sürətdə fərqlənir. Onlar üçün internetdən və rəqəmsal texnologiyalardan istifadə sadəcə həyat tərzidir. Onların təhsilə münasibəti, özlərini ifadə üsulları da köklü fərqlənir. Bu isə təbii olaraq təhsil sistemində köklü dəyişiklikləri, yeni yanaşmaları şərtləndirir. Bu baxımından sabahın təhsil sistemi rəqəmsal iqtisadiyyatın inkişafına, yeni orta sinfin formalaşmasına yönələcək".

S. Yusifova əlavə edib ki, passiv təhsildən aktiv təhsilə keçid 2030-cu ilə qədər yekunlaşmalıdır: “Qarışıq və mobil təhsil gələcəyin ali təhsil müəssisələrinin rəqabət qabiliyyətliyini və uğurunu müəyyənləşdirən əsas faktorlardan biri olacaq. Böyük həcmdə informasiyanın əlçatan olması, informasiya ilə işləmək və onu seçmək vərdişi tənqidi düşüncənin inkişaf etdirilməsini tələb edəcək. İnformasiya və texnoloji fonun sürətli dəyişməsi nəticəsində təhsil fasiləsiz xarakter alacaq. Big-dataların toplanması təhsildə fərdi yanaşmanı gücləndirəcək və tanış təhsil formatları yeniləri ilə əvəz olunacaq, diplomları fərdi səlahiyyət profilləri əvəz edəcək, biliklərin qiymətləndirilməsi üçün testlər aktuallığını itirəcək. Onları vərdiş və müəyyən səlahiyyətlərinin olmasını təsdiq edən qiymətləndirmə və sertifikatlaşdırma üzrə internet sistemləri əvəzləyəcək. Bilik verən müəllimləri təhsildə motivasiya verən, vərdişləri ötürən mentorlar əvəz edəcək. Biliklərin inteqrasiyası və tətbiqi təcrübəsinə keçid baş verəcək. Gələcək təhsil işə götürənlər və işə götürülənlər arasında distansiyanı da aradan qaldıracaq. Təhsil xidmətləri bazarı isə daha çevik olacaq. Akademik və texnoloji mühitin sintezi baş verəcək. Böyük koorporasiyalar dövlətin vasitəçiliyi olmadan müəyyən peşə və vərdişləri sifariş verəcək. Kollektiv internet tələb olunan təşkilatla peşəkar birliklər yaratmaqla ənənəvi universitetlərə rəqabət təşkil edəcək. Yeni transmilli əmək bazarı formalaşacaq”.

S. Yusifova qeyd edib ki, bu baxımından təhsil sistemi dəyişikliklərə və texnologiyaların inkişafın adaptasiya olmalı, gələcəyin çağırışlarına çevik reaksiya verməlidir: “Təhsil sistemində, xüsusilə qəbul imtahanlarında rəqəmsal texnologiyalardan istifadə ilə bağlı Azərbaycanın böyük təcrübəsi var.Azərbaycan bu sahədə MDB məkanında pionerdir. Azərbaycanın təhsil sistemində texnoloji yeniliklərin, innovatov prinsiplərin tətbiqi, biliklərin qiymətləndirilməsi mexanizmləri daha da təkmilləşdirilməsi dinamik xarakter daşıyır. Azərbaycanın müasir təhsil sistemi yaddaş məktəbindən təfəkkür məktəbinə keçidi özündə ehtiva edir. Buraxılış və qəbul imtahanlarında yeniliklər də məhz bu konteksdə nəzərdən keçirilməlidir".

Femida.az

Açar sözlər:

Oxunub: 939