“Azərbaycan torpaqlarının işğaldan azad olması TürkPA ölkələrinin ortaq arzusudur”


15:02     18 Dekabr 2019 19_12_18_1576667075.jpg


“Türk dövlətlərinin parlament sədrlərini eyni masa ətrafında toplayan TürkPA-nın ildən-ilə güclənməsindən məmnunluq duyuram”.


Femida.az-ın məlumatına görə, bunu Bakıda keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Şurasının iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

M. Şentop bildirib ki, TürkPA yarandığı gündən addım-addım böyüyüb, inkişaf edib: “TürkPA-nın 11 yaşı tamam oldu, artıq beynəlxalq təşkilat kimi təcrübə qazanıb. TürkPA gələcəkdə bu gün olduğundan daha böyük xidmətlər göstərəcək və vəzifələr yerinə yetirəcək. Bu gün Bakıda həm qonaq, həm də öz evimizdəyik. Ölkələrimiz arasında fiziki məsafələrə aldanmamaq lazımdır. Biz könüldən yaxınıq, birlikdəyik. Ortaq tariximiz, dilimiz və mədəniyyətimiz bunu bizə xatırladır”.

Türkiyə parlamentinin sədri qeyd edib ki, Azərbaycan torpaqlarının işğal altında olması ürəyimizi yandırmaqdadır: “Azərbaycan torpaqlarının azad olunması, bayrağının hər qarış torpağında dalğalanması TürkPA ölkələrinin hamısının ortaq arzusudur. Biz hər zaman Azərbaycanın yanındayıq. İşğalın sona çatması, bölgəyə sülhün gəlməsi üçün hər cür dəstək veririk, gələcəkdə də verməyə hazırıq.

M. Şentop bildirib ki, dünyada barış və sülhün bərqərar olması arzusu ilə türk yurdlarının hər bucağının sülhə və inkişafa çatmasını diləyirlər: “Yalnız yaxşı gündə deyil, pis gündə də yan-yana dururuq. Bunun ən gözəl nümunəsini oktyabr ayında Türk Şurası Dövlət Başçılarının Sammitində gördük. Türkiyənin bölgəyə sülh gətirmək üçün yürütdüyü “Barış bulağı” hərəkatına verilən dəstək bizim üçün çox anlamlıdır”.

M. Şentop deyib ki, İstiqlal Savaşı Türkiyə üçün ölüm-qalım savaşı olub: “Həmin çətin dövrdə istər Azərbaycan, istər Türküstan coğrafiyasından gələn dəstək həm tarix kitablarında, həm də Qazi Məclisimizin qeydlərində yer almaqdadır”.

O, TürkPA Şurasının Bakıda keçirilən iclasına Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyətinin dəvət edilməsindən böyük məmnuniyyət duyduğunu da vurğulayıb: “Bunu təmin edən Oqtay Əsədova, Azərbaycan hökumətinə və parlamentinə təşəkkür edirəm. Könül istərdi ki, Türkmənistan da bu gün aramızda olsun. İnşallah, yaxın zamanda TürkPA bütün müstəqil ölkələrin parlamentlərini bir araya gətirəcək. Biz TürkPA-da sədrliyi Qırğızıstan parlamentindən təhvil aldıq. Bir ildir ki, TürkPA-nın güclənməsi və örnək bir beynəlxalq təşkilat olması üçün səy göstərmişik. Artıq sədrlik Azərbaycana, Milli Məclisin sədri Oqtay Əsədova keçir. Türkiyənin sədrliyi dövründə dəstəyinizə görə təşəkkür edir, Milli Məclisin sədri Oqtay Əsədova uğurlar arzulayıram”.

Femida.az

Açar sözlər:

Oxunub: 611