Ədliyyə Akademiyasında video-konfrans vasitəsilə təlim keçirilib


10:07     19 Dekabr 2019 19_12_19_1576735702.jpg

Ədliyyə Akademiyası tərəfindən insan hüquqları və digər aktual mövzularda davamlı tədris tədbirləri, o cümlədən distant treninq formaları tətbiq olunmaqla video-konfrans vasitəsilə təlimlər təşkil olunur.

Femida.az-ın məlumatına görə, Avropa İnsan Hüquqları Məhkəməsi ilə əməkdaşlıqda İnsan Hüquqları Avropa Konvensiyasının müxtəlif maddələri ilə bağlı video-konfransların keçirilməsi mütəmadi xarakter alıb.

Akademiyada Avropa Məhkəməsi ilə birgə "Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi (Mülkiyyət hüququ)" mövzusunda video-konfrans vasitəsilə təlim keçirilib.



Təlimin açılışında çıxış edən Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov səmərəli əməkdaşlıqda keçirilən distant təlimin yaxşı təcrübələrin öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib, Akademiya tərəfindən Avropa Şurası, o cümlədən Avropa Məhkəməsi ilə birgə hakim və digər hüquqşünasların İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müxtəlif maddələrinin şərhinə dair mütəmadi təlimlərə cəlb olunduğunu diqqətə çatdırıb.

Tədbirdə apellyasiya və birinci instansiya məhkəmələrindən olmaqla 25 hakim iştirak edib.
Video-konfrans zamanı Avropa İnsan Hüquqları Məhkəməsi Katibliyinin baş hüquqşünası Vüqar Fətəliyevin təqdimatı dinlənilib. V.Fətəliyev Konvensiyanın 1 saylı Protokolunun 1-ci (Mülkiyyət hüququ) və 6-cı maddələrini (Ədalətli məhkəmə araşdırması hüququ) şərh edib, pozitiv və neqativ öhdəliklərdən bəhs edərək həmin maddələr üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi qərarlarını hakimlərin diqqətinə çatdırıb.

Femida.az

Açar sözlər: #ədliyyə   #akademiya   #videokonfrans   #hüquq  

Oxunub: 1181