Vahid məhkəmə təcrübəsinin formalaşdırlmasının yeni mexanizmi yaradılır


09:35     20 Dekabr 2019 19_12_20_1576820300.jpg


Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən dekabrın 18-də ikinci qanunvericilik aktları paketi imzalanıb.

İslahatların institusional komponentini əhatə edən ilk qanunvericilik aktları paketi bu ilin iyul ayında qəbul edilmişdi. Bu normativ sənədlər toplusuna daxil olan qanunlar iki ayrıca, ixtisaslaşmış məhkəmələr sisteminin təməlini qoymuş, inzibati məhkəmələr və kommersiya məhkəmələri yaradılmışdı. Həmçinin hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər edilmişdi.

Məhkəmə-hüquq islahatları çərçivəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən dekabrın 18-də imzalanmış ikinci qanunvericilik paketi vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi kimi iki əsas istiqaməti əhatə edir.

Prosessual qanunlara edilən dəyişikliklərə əsasən vahid məhkəmə təcrübəsinin formalaşdırlmasının yeni mexanizmi yaradılır. Yeniliklərə əsasən:
- Məhkəmə qərarının Ali Məhkəmə Plenumunun izahlarına zidd olması onun ləğvi üçün əsas olacaq;
- Ali Məhkəmənin məhkəmə tərkibləri işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşma tətbiq edə bilməyəcək;
- Bu müddəalara zidd olan, hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən kənarlaşan qərarlara Ali Məhkəmənin müvafiq kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılacaq və mübahisəli məsələyə dair hüquqi mövqe müəyyən edəcək;
- Ali Məhkəmənin müvafiq kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə müəyyən edilmiş hüquqi mövqe eyni xarakterli məsələlərə baxarkən bütün məhkəmə tərkibləri üçün məcburi xarakter daşıyacaq.

Bu dəyişikliklər 2020-ci ilin martın 1-dən qüvvəyə minəcəklər.

Femida.az

Açar sözlər: #məhkəmə   #hüquq   #islahat   #prezident   #femida  

Oxunub: 1182