Vəkillər müstəqil olaraq məhkəmə ekspertizası tələb edə biləcək


10:45     20 Dekabr 2019 19_12_20_1576832863.jpg


"18 dekabr fərmanından sonra yeni vəkillər məhkəmə ekspertiza mərkəzi ilə müqavilə bağlayacaq və vətəndaşın istəyinə uyğun müstəqil şəkildə ekspertiza təşkil olunmasını tələb edə biləcək".


Femida.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. O Azərbaycanda fəaliyyət göstərən vəkil korpusunun bu fərmanı alqışladığını bildirib:

"Hazırda vəkillər müstəqil olaraq məhkəmə ekspertiza mərkəzinə müraciət etmək hüququna malik deyillər. Tutaq ki, vətəndaş vəkildən ekspertiza təşkil olunmasını istəyir. Lakin vəkil ona bildirir ki, mənim belə bir hüququm yoxdur. Vəkil yalnız məhkəməyə ekspertiza təyin olunması üçün vəsatət verir. Məhkəmənin vəsatəti təmin edib-etməyəcəyi isə sual altındadır. Məhkəmə vəsatəti təmin etməsə, qərardan şikayət etmək də qanunla mümkün deyil".



"Amma yeni fərmandan sonra vəkil məhkəmə ekspertiza mərkəzi ilə müqavilə bağlayacaq və vətəndaşın istəyinə uyğun ekspertiza təşkil olunmasını tələb edə biləcək. Həmin ekspertizanın nəticələri isə sübut kimi vəkil tərəfindən məhkəməyə təqdim olunacaq. Bununla da vəkillik sahəsindəki bu boşluq asanlıqla aradan qaldırılmış olacaq", - deyə Kollegiya sədri qeyd edib.

Amin Nəzərli
Femida.az

Açar sözlər: #Vəkil   #Anar_Bağırov   #məhkəmə   #ekspertiza  

Oxunub: 8405