Kimlər özəl məhkəmə eksperti ola biləcək? - QANUN


12:50     20 Dekabr 2019 2019/12/19_12_20_1576832351-(1)_1576833787.jpg


Prezident İlham Əliyev 18 dekabrda imzaladığı fərmanla Azərbaycan məhkəmə-hüquq sisteminə böyük bir yenilik gətirildi: özəl məhkəmə ekspertləri. Bu günədək məhkəmə ekspertizasını yalnız Dövlət Ekspertiza Mərkəzi həyata keçirirdisə, 2020-ci il martın 1-dən qüvvəyə minəcək qanuna əsasən, artıq bu fəaliyyət həm də özəl ekspertlər tərəfindən aparılacaq.


Bu zaman sual yaranır: Kimlər özəl məhkəmə eksperti ola bilər? Femida.az mövzuya yeni qanun aktı vasitəsi ilə aydınlıq gətirir:


Əvvəlcə kimlərin məhkəmə eksperti olmaq üçün müraciət etmək hüququ yoxdur, onu nəzərə çatdıraq:

- İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxs;
- Din xadimi;
- Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qaabiliyyətli hesab olunmuş;
- Cinayət törətdiyinə görə məhkum olunmuş;
- Barəsində ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış;
- Habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər məhkəmə eksperti ola bilməz.

Kimlər özəl məhkəmə eksperti ola bilər?

Yuxarıda göstərilən hallar istisna olmaqla ali təhsilli, müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan vətəndaşı məhkəmə eksperti ola bilər. Bu zaman şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eskperti şəhadətnaməsi almalıdır. Bunun üçün müvafiq dövlət rüsumu ödənilir. Özəl məhkəmə eksperti olmaq istəyən şəxslər aşağıdakı 3 kateqoriyadan birinə hökmən uyğun gəlməlidir.

1- Ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işləməli
2- Ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi olmalı
3- Xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədləri (diplom, sertifikat və s.) olmalı


Şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənəd Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilməlidir. Ekspert kimi məqbul sayılan şəxslər Ədliyyə Nazirliyi tərəfindən icabri təlimlərə cəlb olunur. Təlimlərdə məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtibedilməsi qaydaları və etik davranış kodeksinin müddəalar öyrədilir. Daha sonra onlarla müsahibə keçirilir. Şəhadətnamə almış şəxs barəsində məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir.

Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası üzrə rəy verə bilər. Ədliyyə Nazirliyi məhkəmə ekspertlərinin qanun çərçivəsində fəaliyyətinə nəzarəti həyata keçirir.

Qeyd edək ki, özəl məhkəmə eksperti olmaq üçün yaş məhdudiyyəti yoxdur.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #məhkəmə   #ekspert   #qanun   #hüquq   #ədliyyə   #femida  

Oxunub: 4570