Nazirlik: Sumqayıt yolunun genişləndirilməsi layihəsində ağacların saxlanılması mümkün deyil


18:12     20 Dekabr 2019 2019/12/d54b5ef4-812c-485a-aa92-600534b0ebc1_1576846367.jpg

"Sumqayıt yolunun Xırdalan dairəsinin genişləndirilməsi zamanı tikinti altına düşən ağacların götürülməsinə ictimai dinləmələrdən sonra rəy verilib".


Femida.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mümkün olan yerdə ağaclar saxlanılır:

"Konkret olaraq Sumqayıt yolunun genişləndirilməsi layihəsində ağacların saxlanılması mümkün deyil. Layihənini dövlət əhəmiyyəti, əhalinin rahatçılığının təmin edilməsi, yol tıxacların qarşısının alınmasının vacibliyi nəzərə alınaraq burada tikinti altına düşən ağacların götürülməsinə ictimai dinləmədən sonra, məsləhətləşmələrdən sonra müsbət rəy verilib. Bu şərtlə ki, həmin ərazidə və ya digər uyğun yerdə daha çox ağacın əkilməsi təmin edilsin.

Hər kəsə bəllidir ki, hər gün bu yolda insanlar saatlarla tıxacda qalır, vaxt itkisi yaranır, insanların əsəbləri pozulur. Ən əsası isə tıxacda dayanan yüzlərlə avtomobildən havaya külli miqdarda zərərli maddələr atılır ki, bu da sağlamlığımıza və təbiətimizə zərər verir".

"Belə olan halda tikinti altına düşən ağacların götürülməsi, əvəzində daha çox ağacın əkilməsi və tıxacların aradan qaldırılması məqsədəuyğundur, yoxsa insanların saatlarla yolda qalması və digər fəsadlar?

Amma yenə də xüsusi olaraq qeyd edirəm ki, vəzifə borcumuz odur ki, rəyə göndərilən layihələrin məzmun və formasından asılı olmayaraq, bizim üçün hər şeydən əvvəl ekoloji faktorlardır, ətraf mühitin qorunmasıdır. Ona görə də təqdim olunan layihələrin hamısı ictimai dinləmədən keçirilir, ictimaiyyətlə məsləhətləşmələrdən sonra rəy verilməsi barədə qərar verilir", - deyə Idarə rəisi bildirib.

Açar sözlər:

Oxunub: 755