Ombudsmanın nümayəndələri Elvin İsayevlə görüşüb


16:59     20 Dekabr 2019 ombudsmanliq.jpg

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmə həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmədə istintaq təcridxanasında saxlanılma şəraiti, qidalanma, tibbi yardım, telefon danışığı, görüş və digər hüquqların təmin olunması vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb.

Bu məqsədlə müəssisədə saxlanılan bir çox təqsirləndirilən şəxs təsadüfi seçim əsasında fərdi qaydada qəbul edilib.

Başçəkmə çərçivəsində 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunmuş Elvin İltixam oğlu İsayev də MPQ üzvləri tərəfindən konfidensial qəbul olunub və dinlənilib. E. İsayev saxlanma şəraitindən, tibbi xidmət və saxlanıldığı müddət ərzində onunla rəftardan razılıq edib. Eyni zamanda o, sovqat qəbul edib, ailə üzvləri ilə əlaqə saxlayıb və telefon danışığı hüququ təmin olunub.

Başçəkmə çərçivəsində saxlanılan şəxslərə hüquqları izah edilib, Ombudsmana ünvanlanmış ərizələr qəbul olunub, müvafiq qanunvericiliyin tələbləri izah edilib, bəzi saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər isə yerində təmin edilib.

Başçəkmənin nəticəsi və qəbul olunmuş ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaq.

Femida.az

Açar sözlər: #Ombudsman  

Oxunub: 694