“Qırmızı Xaç”la əməkdaşlığa dair fikir mübadiləsi aparılıb


09:12     21 Dekabr 2019 2019/12/7EBA134A-0F27-4759-B442-B2FE6B8042CB_1576905173.jpeg

Xarici İşlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Femida.az-a bildiriblər ki, görüşdə Azərbaycan və BQXK arasında mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, bu çərçivədə görülmüş işlər və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər arasında qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin beynəlxalq humanitar hüquq sahəsində maarifləndirilməsi istiqamətində görülən işlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məsələlər müzakirə edilib.
BQXK tərəfindən həyata keçirilən humanitar layihələr barədə ətraflı məlumat verən Elena Aymone Sessera yaradılan münbit şəraitə görə ölkəmizə təşəkkürünü bildirib və təşkilatın Azərbaycan ilə əməkdaşlığının daha da genişlənməsində maraqlı olduğunu qeyd edib.
Nazir Elmar Məmmədyarov humanitar missiyasının icrasında beynəlxalq təşkilata bundan sonra da lazımi dəstək veriləcəyini qeyd edib və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırıb. Bu xüsusda nazir saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması məsələsinə toxunaraq BQXK-nın bu məsələnin həlli istiqamətində səylərinin artırılmasının vacibliyini vurğulayıb.
Görüşdə beynəlxalq humanitar təşkilatın ölkəmizdə gələcək fəaliyyəti barədə geniş fikir mübadiləsi aparılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 725