Yevlax polisi gənclərlə görüşdü


10:29     21 Dekabr 2019 19_12_21_1576909828.jpg

Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə S.Vurğun adına 5 saylı tam orta məktəbdə “Gənclər narkomaniyaya yox deyir”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı birgə mübarizə” mövzularında görüş keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, RPŞ-nin rəisi, polis polkovniki Elnur Mehdiyev narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu və bu bəlaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışaraq son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib. Narkomaniyanın cəmiyyətdə və insanın şəxsi həyatında törədə biləcəyi neqativ hallardan danışan rəis bu bəla ilə mübarizə yolları haqqında geniş məlumat verib.

Səfərbərlik və Hərbi Xidməti Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elməddin Cəfərov ölkəmizdə dinin dövlətdən ayrı olduğu, hər bir şəxsin dini inancına hörmətlə yanaşıldığı barədə məktəblilərə ətraflı məlumat verib.

Təhsil müəssisəsinin direktoru Zərxanım Əhmədova erkən nikahın fəsadları barəsində gəncləri məlumatlandırıb. Əvvəllər belə hallara daha çox rast gəlindiyini, ancaq indi cəmiyyətin müasirləşdiyini və qanunla nikah yaşının minimum 18 olduğu diqqətə çatdırılıb. Erkən nikahların böyük əksəriyyətinin sonradan boşanma ilə nəticələndiyini və bu işdə hamının ən azı mənəvi məsuliyyət daşıdığını bildirib.



Sonda isə narkomaniyanın cəmiyyətə zərərlərini əks etdirən mövzuda şagirdlərin əl işlərindən ibarət sərgi və müxtəlif bədii kompozisiyalar nümayiş olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 908