Özəl məhkəmə ekspertləri bu ekspertizaları apara bilməyəcək


17:21     23 Dekabr 2019 19_12_23_1577101078.jpg


Məhkəmə ekspertizası ilə bağlı Qanuna edilən yeni dəyişikliklər özəl məhkəmə ekspertiza fəaliyyətinin həyata keçirilməsi ilə bağlı bəzi istisnalar nəzərdə tutur.

Femida.az xəbər verir ki, dəyişikliklərə əsasən təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilmiş ekspertizalar, məhkəmə-tibb (məhkəmə-psixiatriya), məhkəmə-ballistik, məhkəmə partlayış-texniki, pul nişanları və qiymətli kağızların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin məhkəmə ekspertizaları yalnız məhkəmə ekspertizası idarələrində həyata keçirilir.

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanının 3.8-ci bəndində mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi məsələlərinə dair normativ hüquqi aktların layihələrinin hazırlanması tapşırığı da verilib.

Bununla əlaqədar Qanunda Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslərin, həmin şəxslərin vəkilləri və nümayəndələrinin (qanuni nümayəndələrin) məhkəmə ekspertizasının aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək imkanı müəyyən edilib, bu halda şəxslə məhkəmə ekspertizası idarəsi və ya özəl məhkəmə eksperti arasında müqavilə bağlanması və məhkəmə ekspertizasının həmin şəxsin hesabına həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd olunan bəndin icrası ilə əlaqədar həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar, Mülki və İnzibati Prosessual məcəllələrində, habelə “İnzibati icraat haqqında” və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlarda dəyişikliklər edilmiş, müvafiq müddəalar həmin normativ hüquqi aktlara da əlavə edilib.

Femida.az

Açar sözlər: #ekspertiza  

Oxunub: 1921