Məhkəmə ekspertizalarının növlərinə görə - YENİ MÜDDƏTLƏRİ


10:23     24 Dekabr 2019 mehkeme3.jpg


İnzibati Xətalar, Mülki və İnzibati Prosessual məcəllələrində dəyişikliklər edilməsi barədə qanunlarda aparılan məhkəmə ekspertizası ilə bağlı işdə iştirak edən şəxslərin hüquqları genişləndirilib. Belə ki, dəyişikliklərə əsasən işdə iştirak edən şəxslərin ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək, tədqiqat üsullarının mahiyyətinin və alınmış nəticələrin izahını ekspertdən tələb etmək, habelə ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etmək, inzibati xəta haqqında iş üzrə icraat zamanı həmçinin ekspertiza təyin edilməsi barədə vəsatət vermək, ekspertizanın keçirilməsində iştirak etmək və digər hüquqları nəzərdə tutulub.

Bundan başqa, həmin qanunlarda ekspertizanın keçirilməsinin konkret müddətləri müəyyən edilib. Həmçinin ekspertizanın aparılması üçün təyin olunmuş müddətdə ekspert tərəfindən edilməli olan hərəkətlər dəqiq müəyyən olunub.

Belə ki, bu müddət Mülki Prosessual Məcəllədə məhkəmə qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu gündən 1 ay, işə bərpa, aliment tutulması, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərdə 10 gündən gec olmayaraq, işə baxılması və həll edilməsi üçün qanunla qısaldılmış müddətlər müəyyən edilmiş ayrı-ayrı kateqoriyalar işlərə münasibətdə isə 3 günədək, İnzibati Xətalar Məcəlləsində hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu gündən 10 gündən gec olmayaraq, “İnzibati icraat haqqında” Qanunda isə qanunvericilikdə başqa müddət nəzərdə tutulmamışsa, inzibati orqanın qərarının məhkəmə ekspertizası idarəsinə daxil olduğu gündən 30 gündən gec olmayaraq müəyyən edilib.

Bundan başqa, müvafiq qanunlarda ekspert rəyinin verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduqda və bu, müəyyən vaxt tələb etdikdə, ekspertin vəsatəti əsasında ekspertizanın keçirilməsi müddətinin məhkəmənin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı ilə uzadılması imkanı da nəzərdə tutulub.

Şəxslərin təşəbbüsü ilə aparılan ekspertizaların isə müqavilədə göstərilən müddətdə keçirilməsi nəzərdə tutulub.

Femida.az

Açar sözlər: #məhkəmə   #ekspertiza  

Oxunub: 2969