"Hüquqi savadı olmayan insan..." - Parlamentin buraxılmasına rəy verən yeganə ekspertlə ÖZƏL MÜSAHİBƏ


11:46     25 Dekabr 2019 2019/12/a1_1577259967.jpg


Milli Məclisin buraxılması ilə bağlı Konstitusiya Məhkəməsinin iclasında yeganə ekspert kimi yalnız o çıxış etdi. Parlamentin buraxılması üçün hüquqi zəminin mövcud olduğunu bildirdi. Müsahibimiz məhz həmin yeganə ekspert, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovdur. BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti olan Nəsib müəllim hüquqla bağlı bir çox beynəlxalq tədbirlərdə iştirak edib, Konstitusiya hüququna dair bir çox vəsaitlər yazıb. N.Şükürovun Femida.az-a özəl müsahibəsini təqdim edirik.


- Parlamentin buraxılması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunda ekspert kimi çıxış etdiz. Bu olduqca məsuliyyətli vəzifə idi. Parlamentin öz-özünü buraxması üçün hüquqi zəmin var idimi?

- Azərbaycan Respublikasının qanunvericiliyində parlamentin buraxılması ilə bağlı institutlaşma ilk olaraq 2016-cı ildə 26 sentyabrda referendum keçirildikdən sonra Konstitusiyanın müddəası kimi formalaşmışdı. Bu müddəanın mahiyyəti onunla xarakterizə olunur ki, Azərbaycan Respublikasının Prezidenti parlamenti buraxa bilər. Prezidentin parlamenti buraxması bu anlama gəlmir ki, o, parlamenti istədiyi vaxt buraxa bilər. Konstitusiyanın 98(1)-ci maddəsində göstərilən hallarda Prezident parlamenti buraxa bilər. Həmin maddədə qeyd olunur ki, Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Konstitusiyanın 94, 95, eləcə də 96-cı maddəsinin II, III, IV və V hissələrində və 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldıra bilməyən səbəblər üzündən icra etmədikdə Prezident Milli Məclisini buraxır.
Milli Məclisi 2 dekabr 2019-cu ildə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərar qəbul etdi. Qərara əsasən Milli Məclisin Konstitusiyanın 94-cü və 95-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərinin müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yüksək səviyyədə saxlanılmasının təmin edilməsi üçün Milli Məclis buraxılmalı və növbədənkənar parlament seçkiləri keçirilməlidir. Amma bu o demək deyil ki, parlament bu müddətdə fəaliyytəsiz olub. Sadəcə olaraq tərkibin üzvlərinin hamısı çağdaş dövrlə ayaqlaşacaq qanunvericilik fəaliyyətinin tələblərini tam ödəyə bilmirdilər. Çünki islahat elə bir məsələdir ki, bu gün etməsən, sabah gecikirsən. Deputatlar islahatlarla ayaqlaşa bilmədiklərini görürsə və bunu sərbəst şəkildə ifadə edə bilirsə, bu çox mütərəqqi qərardır.
Qeyd edim ki, parlamentin Prezidentə bu şəkildə müraciətini qadağan edən heç bir Konstitusiya hüquq norması yoxdur. Müxalifət deyir ki, parlamentin öz-özünü buraxmasını qanun qadağan edir. Amma onlara deyirəm, mənə bir fakt göstərin ki, qanunvericilikdə bunu qadağan edən bir müddəa olsun. Bu baxımdan parlamentin müraciəti tam hüquqi və konstitusiondur.
Müraciət zamanı Prezident də birbaşa mövqeyini ortaya qoya bilərdi, parlamenti birbaşa buraxa bilərdi. Amma Prezident çox həssas yanaşma göstərdi və Konstitusiya Məhkəməsinə müraciət etdi. Konstitusiya Məhkəməsi parlamentin buraxılmasının konstitusiyanın 981-ci maddəsinə uyğun olması ilə bağlı qərar qəbul etdi. Parlament Konstitusiyanın 94 və 95-ci maddələrinin tələblərini icra edə bilmədiyinə görə buraxıldı.
Qeyd edim ki, parlament Konstitusiyanın 111, 112, 95-ci maddəsinin I hissəsinin 16-cı və 17-ci bəndlərində nəzərdə tutulmuş səlahiyyətlərin və parlamentin beynəlxalq təşkilatlarda təmsilçilik funksiyalarının həyata keçirilməsi üçün səlahiyyətləri saxlanılmaqla buraxılıb. Bu çox vacib məsələdir. Çünki dövləti parlamentsiz qoymaq olmaz. Təəssüf ki, yenə də müxalifət deyir ki, parlament buraxılan andan fəaliyyətsiz olmalıdır. Amma mən sual edirəm: tutaq ki, ölkənin hər hansı ərazisində fövqəladə vəziyyət tətbiq edildi. Bununla bağlı Prezident fərmanı parlamentin təsdiqinə verdi. Bu halda nə olacaqdı? Ona görə də Konstitusiya Məhkəməsi düzgün mövqe göstərdi. Həyati məsələlərlə bağlı parlamentin səlahiyyətləri saxlanıldı. Yeni çağırışın ilk gününə qədər hazırki çağırış fəaliyyətini davam etdirəcək.



- Gələn il Azərbaycan Konstitusiyasının qəbulunun 25 ili tamam olur. Bu illər ərzində Konstitusiyamız hüquqi dövlət qurulmasında əsas baza rolunu oynaya bildimi?
- Maraqlı sualdır. Müxtəlif cəmiyyətlərin konstitusiyaları ola bilər. Hüquqi dövlətin də, totalitar, avtoritar və teokratik dövlətlərin də. Amma bu dövlətlərin hansında konstitusiyanın özü cəmiyyətin iradəsini doğruldacaq elementlərə malikdir? Əlbəttə ki, demokratik rejimli cəmiyyətlərdə. Çünki demokratik dövlətdə konstitusiya xalqın iradəsi ilə uzlaşır. Məsələn, faşist Almaniyasının konstitusiyası olub, amma konstitusiya insan hüquq və azadlıqlarını əsas dəyər kimi görməyib. Xalqın istəklərini ifadə etməyib, sosial çağırışlara yönəlməyib.
Azərbaycan Respublikasının Konstitusiyasından danışdıqda Ümummilli liderimiz Heydər Əliyevi yada salmamaq mümkün deyil. Çünki Konstitusiya qəbul etmək çox çətin məsələdir. O, cəmiyyətin bütün konstitusion reallıqlarını, hakimiyyət qanadları arasında balansı ifadə etməlidir. Xalq dövlət hakimiyyətini necə görmək istəyirsə, bu orada əksini tapmalıdır. Ümummilli liderimizin hakimiyyətə qayıdışından sonra cəmiyyətin konstitusiya hüquq normaları ilə tənzimlənməsi üçün 33 nəfərdən ibarət olan, şəxsən özünün rəhbərlik etdiyi Konstitusiya komissiyası yaradıldı. Yadımdadır, mən tələbə idim. Ümummilli lider özü bir dəfə çıxışında dedi ki, mən konstitusiyanın hər bir maddəsini özüm oxumuşam. Belə çıxır ki, elə konstitusiyamızı redaktə edən Ümummilli liderimizin özü olmuşdur.
Bilirsiz, cəmiyyət elə bir təsisatdır ki, bu günün nəbzi ilə sabah döyünməyəcək. Ona görə də, 1995-ci ildən bu günə kimi Konstitusiyamızda 3 dəfə köklü islahatların aparılması sosial sifarişdən doğub. Bu nöqteyi nəzərdən Konstitusiya cəmiyyətdə əsas hüquqi baza rolunu oynaya bilib. Dövlət hakimiyyətinin qolları onun əsasında bölünüb. Hakimiyyət qanadlarından biri hüquq pozarsa, digəri onu tənzimləyir. Digər tərəfdən cəmiyyətdə insan hüquq və azadlıqları təsbit olunub. Həqiqətən də cəmiyyətimiz hüquqi dövlət quruculuğu yolunda addımlayır. Kim deyirsə, biz Konstitusiyanı qəbul edən kimi hüquqi-dünyəvi dövlət olduq, bilin ki, bu dərinə varılmadan deyilmiş bir fikirdir.
Çünki Konstitusiya qəbul edilən zaman orda Konstitusiya quruluşunun elementləri ümumbəşəri dəyərlər kimi təsbit olunur: Xalq hakimiyyəti, xalq suverenliyi, hakimiyyət bölgüsü, insan və vətəndaş hüquq və azadlığının üstünlüyü, iqtisadi plüralizm, dünyəvi dövlət prinsipi, konstitusiya quruluşunun zəruriliyi. Bunları bəyan edən kimi cəmiyyətə həmin normalar bir anda gəlmir. Tədricən normativ bazanın təkmilləşdirilməsi yolu ilə, onlara riayət etməsi yolu ilə cəmiyyətdə həmin prinsiplər oturuşur.



- "Biz elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun”. Heydər Əliyevə məxsus bu fikirlərə diqqət yetirsək, sizcə konstitusiya ənənəvi hüquqi dövlət ideyaları ilə yanaşı, milli dəyərlər və müasir yanaşmalari özündə birləşdirə bilibmi?
- Konstitusiya cəmiyyətin real ab-havasıdır, o milli mənəvi dəyərləri əks etdirməlidir. Bəzən deyirlər ki, konstitusiya xalq tərəfindən qəbul olunmuş hüquqi aktdır. Yalnız bu konteksdə yanaşma kökündən səhvdir. Konstitusiya hüquqi, siyasi, sosial və həm də tərbiyəvi əhəmiyyət kəsb edən aktdır. Konstitusiya xalqın iradəsini birbaşa ifadı edən hüquqi aktdır. Konstitusiya cəmiyyətdə gedən siyasi prosesləri özündə əks etdirir. Hakimiyyətə gəlmə, hakimiyyətdən getmə, seçkilər, siyasi hüquqlar, siyasi partiyaların yaradılması və s. Digər tərəfdən atalıq, analıq, ailə, din, təhsil, elm kimi sosial təsisatları və s. məsələləri də tənzimləyir. Digər tərəfdən konstitusiya hər bir insanda konstitusiyaya, qanunlara, ali dəyər kimi qiymətləndirilən insan və vətəndaş hüquq və azadlıqlarına və dövlətə hörmət ruhu aşılayır. Konstitusiyada milli mənəvi dəyərlərlə bağlı müddəalar var. Bu müddəalar xalqa çatdırılmalıdır. Konstitusiya həm də cəmiyyətin reallıqlarını özündə əks etdirən milli mənəvi dəyələrin toplandığı aktdır.



- Konstitusiya Məhkəməsi hansı məsələləri tənzimləyir? Kimlər və hansı hallarda Konstitusiya Məhkəməsinə sorğu verə bilər?
- Konstitusiya Məhkəməsi Azərbaycanda ali hüquqi akt olan Konstitusiyaya digər aktların uyğunluğunu yoxlayır. Konstitusiya xalqın iradəsi ilə qəbul olunduğundan öz mühafizə mexanizmini formalaşdırıb. Konstitusiya Məhkəməsi də sırf bu mühafizə mexanizmini həyata keçirir ki, bu aktın müddəalarını heç kim poza bilməsin. Konstitusiya Məhkəməsi hakimiyyət qanadlarının Konstitusiyaya zidd qəbul etdiyi hər bir aktı ləğv edə bilir. Onun qərarını digər hakimiyyət qanadları dəyişdirə bilməz. Onun qəbul etdiyi qərarlar qətidir və dönməzdir.
Prezident, Milli Məclis, Nazirlər Kabineti, Ali Məhkəmə, Baş Prokurorluq, Naxçıvan MR Ali Məclisi, eləcə də insan hüquqları üzrə müvəkkil (ombudsman) Konstitusiya Məhkəməsinə sorğu verə bilər. Qeyd edilən qurumlar normativ hüquqi aktların qanuna uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Konstitusiyanın 148-ci maddəsində deyilir ki, bizim qanunvericilik sistemimiz ardıcıl pillələrdən ibarətdir. Təbii ki, ən üstün hüquqi qüvvəyə malik qanun konstitusiyadır. Daha sonra referendumla qəbul edilmiş aktlar, qanunlar, fərmanlar, Nazirlər Kabinetinin qərarları, mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları gəlir. Deməli aşağı orqanların aktları yuxarı aktlara uyğun gəlməlidir, Məsələn Prezidentin fərmanları Konstitusiyaya uyğun olmalıdır. Yaxud parlamentin qərarları Konstitusiyaya uyğun gəlməlidir.



- Hansı hallarda Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını və eləcə də digər hüquqi aktları ləğv edir?
- Hər hansı mülki məsələ ilə bağlı mübahisə yarananda məhkəməyə iddia ərizəsi ilə müraciət olunur. Bu zaman tərəflər öz sübutlarını məhkəməyə təqdim edir və məhkəmə müvafiq qərar qəbul edir. Qərardan narazı qalan tərəf varsa, apellyasiya məhkəməsinə müraciət edir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarına baxır. Lazım olarsa, əlavə dəlillər təqdim olunur. Məhkəmə əvvəlki qərarı dəyişir və ya qüvvədə saxlayır. Yenə də narazılıq yaranarsa, bu zaman Ali Məhkəməyə müraciət edilir. Ali Məhkəmə isə fakta yox, hüquqa baxır. Yəni verilən qərar düzgün hüquqi normaya əsaslanıb ya yox. Bundan sonra da tərəflərdən biri hesab etsə ki, faktiki hala hüquq norması düzgün tətbiq edilməyib, yaxud tətbiq olunan norma özlüyündə hüquqi ədalətə əsaslanmır, bu zaman Konstitusiya Məhkəməsinə müraciət edə bilər və əgər şübhələr özünü doğrultsa, Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edə bilir.
Hüquq cəmiyyət ədalətə söykənməlidir. Əgər normativ hüquqi aktda çatışmazlıqlar varsa və kiminsə hüquqları bu çatışmazlıqlara görə pozulursa, təbii ki, Konstitusiya Məhkəməsi həmin normanı ləğv edib işi geri qaytara bilər. Qanunla müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etmək hər bir vətəndaşın hüququdur.
Bir var ilkin nəzarət, bir də sonrakı nəzarət. Tutaq ki, parlament biznes məsələləri ilə bağlı bir qanun qəbul edir. Bizdə qanunun qəbul edilməzdən əvvəl Konstitusiya Məhkəməsinə göndərilmə prosesdur qaydası yoxdur. Yəni qanun qəbul edilməmişdən əvvəl Məhkəmə onun konstitusiyaya zidd olub-olmadığına baxa bilmir. Düzdür, qanun qəbul olunarkən, dəfələrlə yoxlanılır, müvafiq rəylər alınır. Yalnız qəbul edildikdən sonra digər yuksək hüquqi qüvvəyə malik aktlarla ziddiyətli olduqda konstitusiya məhkəməsinə müraciət olunur. Deməli həmin qanunun özündə hansısa normativ hüquqi aktlarla ziddiyət təşkil etməsi mümkün haldır. Bu halda Konstitusiya Məhkəməsi pozulmuş hüquqların bərpası məqsədilə qanunu və ya onun hansısa müddəasın ləğv edə bilər.



- Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələr Konstitusiya ilə ziddiyyət təşkil edərsə, hansı daha üstün sayılır?
- Konstitusyanın 151-ci madəsi ilə bu məsələni konkret aydınlaşdırmaq istəyərdim. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Amma Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla. Yəni Azərbaycan hər hansı beynəlxalq müaviləni ratifikasiya edirsə, artıq o, Azərbaycan Respublikası qanununun tərkib hissəsidir. Azərbaycan xalqı öz iradəsi ilə konstitusiyasını qəbul edibsə, xalqın iradəsindən üstün nəsə ola bilərmi? Xeyr. Deməli Konstitusiyamız ən ali qanundur. Eləcə də referendum yolu ilə qəbul edilmiş akt da xalqın iradəsini ifadə edir. Yalnız bundan sonra Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilələr tətbiq olunur.
Konstitusyanın 148 və 151-ci maddələrinə istinadən biz bu məsələni bir az da aydınlaşdıra bilərik. Əgər Azərbaycan qanunvericiliyinə zidd hər hansı beynəlxalq müqavilə imzalanarsa, parlament həmin aktı ratifikasiya etməyə bilər. Digər tərəfdən həmin müqavilələrə qeyd–şərtlə qoşulmaq olar. Məsələn, 10 bəndlik müqavilədirsə, onun bizi qane edən 8 bəndinə qoşulmaq mümkündür.
Beynəlxalq müqavilələrdən danışdıqda Konstitusiyanın 12-ci maddəsinə də diqqət yetirmək lazımdır. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
Bir sözlə Konstitusiyamızda insan hüquq və azadlıqları ilə bağlı kifayət qədər müddəa var. Konstitusiyamızdakı müddəalar tətbiq olunarkən qanunvericiliyimizdə məhdudlaşdırıcı hal yaradarsa, beynəxalq müqavilədə bunun tətbiqi ilə bağlı daha yumuşaq, insan hüquq və azadlıqlarına dəyər verəcək dərəcədə normalar varsa, o tətbiq olunur. Bu özlüyündə Azərbaycan Konstitusiyasının milli mənəvi dəyərlərə necə üstünlük verdiyini göstərir.



- Sonuncu məhkəmə-hüquq islahatları məhkəmələrin işinə necə təsir edəcək?
- Prezident cənab İlham Əliyevin məhkəmə-hüquq sahəsindəki islahatların dərinləşdirilməsi ilə bağlı 2019-cu il 3 aprel fərmanı çox vacib idi. Cəmiyyətin demokratikliyinin təminatçısı, insan hüquqlarının qoruyucusu kimi çıxış edən orqan məhkəmədir. O, cəmiyyətin ədalətliliyini ölçən cihazdır. Əgər məhkəmə hüquq sistemi cəmiyyətin reallıqlarını əks etdirmirsə, ədaləti bərqərar edə bilmirsə, o cəmiyyət inkişaf edə bilməz. Məhkəmə-hüquq sahəsində 2019-cu ildə aparılan islahatlar sosial sifarişdən doğan bir haldır.
Məhkəmələrin ixtisaslaşdırılması onların fəaliyyətinin səmərəliliyi üçün vacibdir. Bir hakim həm mülki işə, həm cinayət işinə baxırsa və məhkəmə işləri həddindən artıq çoxdursa, onun qəbul etdiyi qərarın peşekarlığı, məsələni hərtərəfli əhatə etməsi sualı məni düşündürür. Bu nöqteyi nəzərdən məhkəmə-hüquq islahatları təbii və vaxtında qəbul olunmuş qərardır. Nəticədə məhkəmə sistemi daha da təkmilləşəcək. Hakimlər ixtisaslaşmaqla vətəndaşların müraciətlərinə daha adekvat, yüksək keyfiyyətli reaksiya vermiş olacaqlar.
Eləcə də 18 dekabrda imzalanmış fərman məhkəmə ekspertizası sahəsində böyük bir addım sayılmalıdır. Özəl məhkəmə ekspertlik institunun yaradılması həm vaxt baxımından, həm şəffaflıq baxaımından, həm də müstəqil seçim etmək baxımından sırf vətəndaşların maraqlarına xidmət edən bir yenilik olacaq.



- Əvvəllər BDU-nun hüquq məzunları daha çox prokuror, hakim, ədliyyə işçisi olmaq istəyirdi. Son illər vəkillik institunun inkişafı çox diqqət çəkir. Tələbələr arasında vəkilliyə maraq artıbmı?
- Bakı Dövlət Universiteti Azərbaycan universitetlərinin flaqmanıdır. Əvvəlki tələbələrimizlə indikilər arasında çox fərq var. Hər gün yeni informasiyalar əldə etmək, xaricdə oxumaq, o ölkələrin hüquq sistemini öyrənmək, özləri müstəqil hüquqi fəaliyyət göstərməyə meyillidirlər. Əvvəlki illərdə ABŞ, Kanada, Avropa kimi yerlərdə tələbələrimizin sayı barmaqla sayılacaq qədər idisə, indi həmin ölkələrə getmələri adi hala çevrilib. Hər il onlarla tələbəyə zəmanət məktubu veririk. Tələbələrimiz artıq tək nəzəri bilikləri oxumaqla kifayətlənmir. Praktiki məsələlərlə də tələbəçilikdən məşğul olmaq istəyirlər. Dekanımız Əmir Əliyevin rəhbərliyi altında BDU-da Hüquq Klinikası fəaliyyət göstərir. Hüquqi yardım almağa imkanı olmayan şəxslər bu klinikaya müraciət edirlər. Bizim tələbələr də mürciət edənlərlə danışıb praktiki vərdişlərə yiyələnir, qanunvericilyi araşdırırlar. Təbii ki, proses peşəkar vəkillərin iştirakı ilə aparılır. Amma sırf bizim tələbələrimiz iddia ərizəsinin yazılması, vəsatətlərin verilməsi, sorğularla bağlı kömək edirlər.
Bir növ BDU-nun hüquq fakultəsi vəkillik institunun inkişafı üçün təməl bazanın formalaşmasında iştirak edir. Odur ki, vəkillik instutu daha da inkişaf etməlidir. Nəticədə vətəndaşlarımız üçün peşəkar hüquqi yardım əlçatan olacaq. Məsələn, əvvəl bir fermer qohumuna etibarnamə verirdi ki, get məni məhkəmədə təmsil et. Hüquqi savadı olmayan insan mülki qanunvericiliyi bilmədiyi üçün lazım olan sübutları, vəsatətləri və.s məsələləri məhkəməyə vaxtında verə bilmədikdə, yekunda ziyanı kim görəcək? Həmin o fermer. Bu baxımdan Vəkillər Kollegiyasının üzvü ola bilməyən insanların müdafiəçi qismində məhkəmələrə çıxa bilməsinin qarşısının alınmasını məqbul hesab edirəm və bu vətəndaşlara yüksək hüquqi yardım göstərilməsinə xidmət edir.



- Azərbaycan Konstitusiyasını qonşu dövlətlərlə müqayisə etsək, hansı daha optimal, daha mütərəqqidir? Fərqlərdən danışa bilərsizmi?
- Qonşularımızdan Ermənistan, Gürcüstan, İran və Türkiyə unitar respublikadır. Rusiya isə federativ respublikadır. Azərbaycan və Rusiya prezidentli, Ermənistan, Gürcüstan parlamentli respublikadır. Türkiyə parlamentli respublikadan prezidentli respublikaya keçib. Azərbaycan Respublikasında demokratik rejim konstitusiyada təsbit olunub.
Parlamentli respublika yüksək demokratiya nümunəsi kimi göstərilsə də, qonşu ölkələrə baxaraq burada həddindən artıq problemlər olduğunu görə bilərik. Çünki bu cür dövlətlərdə tez–tez hökumət böhranları, dövlətin hökumətsiz qalması, növbəti hökumətin keçmiş hökumətin layihələrini kənara atması yekunda xalqa ziyan vurur. Əgər hökumət tez-tez seçkiyə gedirsə, parlament formalaşa bilmirsə, belə vəziyyətdə hökümətin təşkili məsələsində problem yaranır. Parlamentdə təmsil olunan partiyalardan biri başqa bir dövlətlə xoş münasibətdə ola bilər. Bu zaman dövlətin maraqları ikinci plana keçə bilər. Prezidentli respublikada isə idarəetmə daha səmərəli, daha adekvat olur.
Yaxud İrana baxsaq, dövlətin başında həm ali dini rəhbər, həm də xalq tərəfindən seçilmiş prezident dayanır. Burada da ikili standrt var. Azərbaycan isə dünyəvi dövlətdir. Bu konstitusiyamızda təsbiq olunub. Belə ki, dövlət orqanlarında dini rütbəli şəxslər işləmir, Azərbaycanda təhsil sistemi dindən kənarlaşdırılıb. Amma İranda dövlət dini sistemlə idarə olunur. Yaxud Rusiya ikipalatalı sistemdən ibarətdir. Federasiyanın subyektlərinin xüsusi hüquqları vardır.
Ümumiyyətlə Azərbaycan Konstitusiyasının digər qonşu ölkələrin konstitusiyalarından fərqlərindən xüsusiyyətlərdən biridə onun 1/3 yaxın hissəsinin insan hüquq və azadlıqlarına həsr edilməsidir. Konstitusiyanın 12-ci maddəsinə görə, insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu digər dövlətlərlə müqayisədə daha mütərəqqi və ümumbəşəri müddəadır.
Məsələn, Konstitusiyaya görə, seçki hüququ olan 40 min vətəndaş parlamentə müraciət edə bilər ki, onları narahat edən məsələ ilə bağlı qanun layihəsi qəbul edilsin. 300 min səsvermə hüququ olan şəxs isə Milli Məclisə hər hansı məsələnin ümumxalq səsverməsinə çıxarılması ilə bağlı müraciət edə bilər. Göründüyü kimi xalqı narahat edən məsələ varsa, onun həlli yolunun xalqın istəyinə uyğun tapılması bir növ xalq hakimiyyətinin ən bariz nümunəsidir.
Konstitusiyanın 7-ci maddəsində deyilir ki, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fәaliyyәt göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Bu da onu göstəri ki, hakimiyyət qanadları arasında sərt bölgü mövcuddur. Yəni biri digərinin səlahiyyətlərinə qarışa bilməz.
İnsan hüquq və azadlıqlarına ali dəyər kimi qiymətləndirlməsi, hakimiyyət bölgüsü, siyasi plüralizm, iqtisadi fəaliyyət, ədalət mühakiməsi, konstitusiya məhkəməsinə birbaşa vətəndaşın müraciət etməsi və s. kimi müddəalara görə, Azərbaycan Konstitusiyasını qonşu dövlətlərlə müqayisədə daha mütərəqqi hesab edirəm.

- Müsahibə üçün təşəkkür edirəm, Nəsib müəllim.
- Mən də təşəkkür edirəm.

Müsahibə: Amin Nəzərli
Fotolar: Şahin Sərdarov


Femida.az

Açar sözlər: #müsahibə   #NəsibŞükürov   #femida   #hüquq   #qanun   #vəkil   #məhkəmə   #konstitusiya   #BDU  

Oxunub: 2910