Bu ölkələrin vətəndaşları üçün viza rüsumu azaldıldı


15:10     25 Dekabr 2019 19_12_25_1577272256.jpg


Nazirlər Kabinetinin qərarı (№489) ilə ABŞ və Koreya Respublikasının vətəndaşlarına çoxdəfəlik giriş vizaları üçün rüsumun məbləği iki dəfədən çox azaldılıb.


Femida.az-ın məlumatına görə, hazırda Azərbaycana çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği 350 ABŞ dolları müəyyən edilib.

Ümumilikdə, Azərbaycan Respublikasına səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin müəyyən olunması zamanı qarşılılıq prinsipinin nəzər alınması vacib hesab olunur.

Belə ki, ABŞ tərəfi Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə - turist, tələbə və mübadilə vizaları üçün 160 ABŞ dolları, habelə əmək, şirkətlərarası transfer və din xadimləri vizaları üçün 190 ABŞ dolları məbləğində dövlət rüsumu tutur.

Həmçinin ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyi qarşılılıq prinsipinə uyğun olaraq Azərbaycan tərəfindən ABŞ vətəndaşlarına daha uzunmüddətli vizaların rəsmiləşdirilməsini və çoxdəfəlik vizaların rəsmiləşdirilməsinə görə tutulan dövlət rüsumunun azaldılmasını xahiş edib.

Koreya tərəfi Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizaların rəsmiləşdirilməsinə görə 150 ABŞ dolları məbləğində dövlət rüsumu tutur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasına səfər etmək istəyən ABŞ və Koreya Republikası vətəndaşları üçün çoxdəfəlik vizaların rəsmiləşdirilməsinə görə dövlət rüsumunun azaldılması məqsədəuyğun hesab olunur.

Proqnozlaşdırmaq mümkündür ki, bu layihənin qəbul edilməsi nəticəsində Azərbaycan Respublikası ilə ABŞ və Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və sosial əməkdaşlıq əlaqələrinin inkişafına, ikitərəfli ticarət dövriyyəsinin artmasına, o cümlədən ölkəmizə xarici investisiya qoyuluşu prosesinə müsbət təsir göstərə və həmin ölkələrdən Azərbaycan Respublikasına müxtəlif məqsədlərlə səfər edən şəxslərin sayının artmasına səbəb ola bilər.

Femida.az

Açar sözlər:

Oxunub: 2519