“Əli Kərimlidən soruşurdum ki, pullar haradandır” – AXCP-nin keçmiş yetkilisi ifadə verdi


17:18     25 Dekabr 2019 2019/12/80513720_2555049741446642_8037329136030580736_n_1577280955.jpg

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyev partiyanın sədri Əli Kərimliyə qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.


Femida.az xəbər verir ki, hakim Cəmilə Musayevanın sədrliyilə keçirilən prosesdə Əli Kərimli və nümayəndəsi məhkəmə prosesində iştirak etməyiblər.

İddiaçı tərəf məhkəmədə sərbəst ifadə verib. Aydın Əliyev ifadəsində bildirib ki, Əli Kərimli bir neçə ildir onunla düşmənçilik edirdi: “2015-ci ildə AXCP -nin qurultayında Nəzarət-Təftiş Komissiyasına əvvəlcə üzv, sonra sədr seçildim. Bundan sonra Əl Kərimli mənimlə düşmən oldu”.

Aydın Əliyev Əli Kərimlinin bu vaxta kimi partiyaya daxil olan pulların xaricdə yaşayan oğlunun ərəb şahzadəsi kimi yaşamasına xərclədiyini bildirib: "Biz bu haqsızlıqları, özbaşınalıqları gördüyümüz üçün Əli Kərimli məni qanunsuz olaraq NTK-dan uzaqlaşdırdı".

Aydın Əliyev sərbəst ifadəsində mitinqlərlə bağlı da danışaraq, bildirib ki, Əli Kərimli rayondan gələn imkansız tələbələri, gəncləri partiyaya yazır: “Onları qanunsuz mitinqlərə çıxmağa tapşırıq verir. Deyirdi ki, tutulsanız da, eybi yoxdur. Onsuz da Avropa Məhkəməsindən pul alacaqsınız. Əli Kərimlinin bu siyasi dələduzluğuna görə nə qədər gənc həbsdə yatdı. Onda Əli Kərimli hardaydı?”

Aydın Əliyevin dediyinə görə, AXCP-də üzvlük haqqı yığılmır: “Mənə maraqlıdır ki, bəs Ə.Kərimli pulları hardan alır? Mənim qızlarım evimin qarşısında göy satırdılar, Əli Kərimlinin oğlu həmin vaxt Avropa Məktəbində oxuyurdu. Sual verirəm, hansı pulla? Bütün bunları tələb etdiyim üçün Əli Kərimli məni uzaqlaşdırdı”.

***

Nəsimi Rayon Məhkəməsində baş tutan məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb.

Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1696