Bu il MTRŞ 6 teleradio yayımçısına lisenziya verib


15:56     30 Dekabr 2019 mtrss.jpg

Bu il Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən 6 teleradio yayımçısına lisenziya verilib.


Femida.az xəbər verir ki, bu barədə MTRŞ-ın 2019-ci il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, Şura tərəfindən 2019-cu ildə “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən bu Fərmanın qüvvəyə mindiyi gündən etibarən qüvvədə olan lisenziyaların müddətsiz hesab edilməsi ilə bağlı teleradio yayımçılarına verilmiş qüvvədə olan lisenziyaların yenidən rəsmiləşdirilməsi və onlara müddətsiz lisenziyalar verilməsi sahəsində müvafiq işlər həyata keçirilib.

Cari ildə Şura tərəfindən 6 teleradio yayımçısına (1 ümumrespublika televiziya yayımçısı, 1 kabel şəbəkəsi yayımçısı, 4 İP TV operatoru) lisenziya verilib.

- Şuranın 28 fevral 2019-cu il tarixli Qərarına əsasən, “MediaArt” şirkətinə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilib

- Şuranın 23 aprel 2019-cu il tarixli Qərarına əsasən “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə müddətsiz lisenziya verilib.

- Şuranın 28 iyun 2019-cu il tarixli qərarına əsasən “Selnet” MMC, “Megalink” MMC və “Bulud Store” MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayımın üsulu – internet) üçün müddətsiz lisenziya verilib.

- Şuranın 04 dekabr 2019-cu il tarixli Qərarına əsasən, “Port Castle” MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayımın üsulu – internet) üçün müddətsiz lisenziya verilib.

Həmçinin, Şuranın 05 noyabr 2019-cu il tarixli Qərarına əsasən, ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz tezliyinə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək müsabiqə elan olunması barədə qərar qəbul edilmişdir. Müsabiqədə iştirak etmək üçün 5 (beş) iddiaçı sənədlərini Şuraya təqdim edib.

Açar sözlər:

Oxunub: 528