Baş həkimə qarşı 125 min manat dələduzluq edən şəxslər apellyasiya şikayəti veriblər


16:45     04 Yanvar 2020 1398947325_mehkeme.jpg

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə və dələduzluqda təqsirləndirilən Elxan Hümbətov, Rövşən Əliyev və Hətəmxan Çobanov barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Femida.az-ın xəbərinə görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yanvarın 17-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilənlər özlərini vəzifəli, həmçinin yüksək vəzifəli şəxslərin qohumları kimi təqdim etməklə üç nəfərdən külli miqdarda pul almaqda və şantaj yolu ilə pul istəməkdə təqsirli biliniblər.

Zərərçəkmiş şəxslərdən biri Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalovdur. Təqsirləndirilənlər isə bildiriblər ki, M.Zeynalovdan 125 min manatı şantaj yolu ilə deyil, Sumqayıt şəhərinə baş həkim vəzifəsinə düzəltmək adı ilə alıblar.

E.Hümbətov, R.Əliyev və H.Çobanov barəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmək və dələduzluq maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Hümbətov 12 il, R.Əliyev 9 il, H.Çobanov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri verib.

Femida.az

Açar sözlər:

Oxunub: 500