Milli Qəhrəman, ilk nizami özünümüdafiə batalyonunu yaradan - polkovnik-leytenant Şirin Mirzəyev


10:52     05 Yanvar 2020 20_01_05_1578206293.jpg


Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin doğum günüdür.

Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açıb. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olub və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıdıb.

Şirin 1976-cı ildə öz sinif yoldaşı Flora Qasımova ilə ailə qurur. Bu evlilikdən onların iki uşağı dünyaya gəlir. 1988-ci ildə Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçib. 1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib gətirdi. Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi. 1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu min bir əziyyətlə yaratdı. Bu, o dövr üçün çox zəruri bir addım idi. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradıldı. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi.



1992-ci il martın 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradıldı və ürəyi Vətən sevgisilə çırpınan podpolkovnik Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçildi. O 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra 1994-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib. Və 1993-cü il fevral ayının 5-də Şirin Mirzəyevin şəxsi təşəbbüsü ilə yaradılmış tədris taboru ləğv edildi.

Ş.Mirzəyevin yolu respublikada örnək göstərilə biləcək bir döyüş yoludur. Belə ki, onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sırxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edildi.

1990-1991-ci illərdə Qarabağda ermənilərin təxribatları artdığından könüllü hərbi birləşmənin yaradılması artıq zərruri olmuşdu. Məhz buna görə də 1991-ci ilin avqustunda Ş. Mirzəyev Ağdama yollanır. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradılır. Təcrübələrinə görə Ağdam əlahiddə özünümüdafiə taborunun komandanlığı onun öhdəliyinə verilir.

Onun komandir seçilməsindən sonra 1200-dən çox gənc könüllü olaraq ordu sıralarına yazılır. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri yerinə yetirir. Bir komandir kimi Ş.Mirzəyev həmişə ön cəbhədə döyüşür. Onun bu keyfiyyəti alayın bütün üzvlərini cəsarətləndirir və hətta, ucqar yerlərə silahların çatdırımasına belə özü rəhbərlik edir. İlk anlar könüllülük prinsipi ilə gələn döyüşçülər bir qədər ərköyünlük edir. Ş.Mirzəyevin özünün şəxsi nümunəsi, hərbi qanunlara ciddi riayət etməsi, hər bir əsgərə fərdi qayğısı və tələbkarlığı sayəsində bütün nöqsanlar aradan qaldırılır.



1992-ci il 18 iyunda o, komandirlik etdiyi alayla birlikdə yenidən ön cəbhəyə yollanır. Tankları yerləşdirdikdən sonra hazırlıq üçün arxa cəbhəyə geri qayıdarkən onun avtomobili minaya düşür və o şəhid olur.

Şirin Mirzəyevin həyatından bəhs edən "Sərkərdə" kitabının müəllifi, hərbi jurnalist İbrahim İbadoğludur. Deputat Flora Qasımova Şirin Mirzəyevin həyat yoldaşıdır. Onlar orta məktəbdə eyni sinifdə oxuyublar. 1976-cı ildə ailə qurublar.

Oğlu polis əməkdaşıdır, daxili işlər orqanlarında çalışır. Qızı isə ingilis dili müəlliməsidir. Azərbaycanın Milli Qəhrəmanıdır. Adına Bakı şəhərində küçə var. Xidmət etdiyi 836-cı hərbi hissənin həyətində abidəsi qoyulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1274