Deputatlığa namizədlərə işdən çıxmaq üçün verilən müddət bitib - İşdən çıxmayanların aqibəti necə olacaq?


09:03     08 Yanvar 2020 20_01_07_1578399876.jpg

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə kimi müraciət edən 2330 nəfərdən 2203-nün namizədliyi artıq təsdiq olunub. Onlardan 2075 nəfəri isə imza vərəqələrini artıq götürüb, 874 nəfəri qaytarıb, 557 nəfərin namizədliyi qeydə alınıb.


Qeyd edək ki, namizədlərdən yalnız 125 nəfəri deputat adını qazanacaq. Deputatlığa namizəd olan şəxslər arasında əvvəlki çağırışdan olan millət vəkilləri ilə yanaşı, sahibkarlar, müəllimlər, jurnalistlər, vəkillər, şirkət rəhbərləri, politoloqlar, eləcə də dövlət qurumlarında çalışan şəxslər də var. Məsələn, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vəzifəsinin icrasını dayandırdı. Buna səbəb onun Yeni Azərbaycan Partiyası tərəfindən (YAP) namizədliyinin irəli sürülməsidir. Hazırda AQUPDK-da sədr vəzifəsinin icrası sədr müavinləri - Sədaqət Qəhrəmanova və Aynur Sofiyevaya tapşırılıb.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən, Milli Məclisin deputatları istisna olmaqla, dövlət orqanlarında seçkili və təyinatlı vəzifə tutanlar, habelə sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul olan vətəndaşlar deputatlığa namizəd göstərilməyə razılıq verərlərsə və ya öz namizədliklərini irəli sürərlərsə, səsvermə gününə ən tezi 55 gün və ən geci 35 gün qalmış tutduğu vəzifədən azad olunmaq istədiklərini bildirməlidirlər. Bu barədə yazılmış ərizə dairə seçki komissiyasına təqdim edilir. Dairə seçki komissiyası dərhal həmin ərizəni əlaqədar dövlət və qeyri-dövlət orqanlarına və ya vəzifəli şəxslər göndərir. Əlaqədar dövlət və qeyri-dövlət orqanların və ya vəzifəli şəxslər müraciət etmiş vətəndaşın vəzifədən azad edilməsi barədə 10 gün ərzində qərar qəbul edirlər. Nəzərə alsaq ki, parlament seçkilərinə 32 gün qalır, deməli artıq bütün namizədlər işdən çıxma ərizəsini müvafiq dairə seçki komissiyasına təqdim ediblər. Ən geci yanvarın 15-ə kimi artıq bütün namizədlər işdən azad edilmiş olmalıdır.

Bununla belə namizədliyini təsdiq edilmiş bir çox sahibkar, jurnalist və iş adamlarının hələ də işdən çıxmadığını görürük. Yanvarın 15-ə kimi bu şəxslər işdən çıxmazsa, Mərkəzi Seçki Komissiyası hansı addımı atacaq?

Vəkil Mehman Muradlı bildirib ki, namizəd olan şəxs deputat seçildiyi təqdirdə digər iş fəaliyyətini dayandırmasa, deputatlıqdan məhrum edilir:

“Bu məsələ Konstitusiyanın 89-cu maddəsi ilə tənzimlənir. Həmin maddənin 4-cü bəndində göstərilir ki, millət vəkili dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) onun mandatı ləğv edilir”.



Vəkilin sözlərinə görə, istisna hal olaraq, hakimlər, hüquq-mühafizə orqanlarının işçiləri və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabitləri, gizirləri, miçmanları və çavuşları namizəd göstərildikdə, onların və ya onları namizəd göstərmiş siyasi partiyanın (siyasi partiyaların blokunun) nümayəndələrinə imza vərəqləri yalnız həmin şəxslərin tutduqları vəzifədən azad edildiyini təsdiqləyən sənəd təqdim olunduqda verilir:

"Digər hallarda isə deputatlığa namizəd müəyyən olunmuş vaxta kimi işdən çıxma ərizəsini yazmasa seçkilərdə iştirakı formal xarakter daşıyır. Düzdür, işdən çıxmazlarsa, seçkiyə qədər faktiki olaraq onlara qarşı heç bir tədbir görülmür. Lakin işdən çıxmayan namizəd deputat seçilərsə, onun deputat mandatı ləğv edilir”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #deputat   #namizəd  

Oxunub: 2066