Ağsuda elektrik naqillərini oğurlamaq istəyən şəxslər saxlanılıblar


10:30     10 Yanvar 2020 20_01_10_1578637878.jpg


Ağsu rayonunda şirkətə məxsus elektrik naqillərini oğurlamaq istəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, ötən gün Mingəçevir Regional Elektrik Şəbəkəsi MMC-nin Ağsu Şəbəkə Sahəsinin Hava Elektrik Verilişi Xəttinin Ağsu rayonunun Pirhəsənli kəndindən keçən hissəsində alüminium naqillərinin naməlum şəxslər tərəfindən kəsilərək qırılmağı barədə məlumat daxil olub.

Daxil olmuş məlumatla əlaqədar Ağsu Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları dərhal hadisə yerinə yollanıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Pirhəsənli kənd sakinləri 47 yaşlı, əvvəllər məhkum olunmuş Səlim Nizamov və 40 yaşlı İmran Pirverdiyevin 1-ci Mingəçevir Hava Xəttinin ümumilikdə 5 dayaqları arasında olan xətləri kəsərək aparmaq istədikləri müəyyən edilib. Həmin vaxt S.Nizamov polis əməkdaşlarına müqavimət göstərərək onlara xəsarət yetirməyə cəhd edib. Buna baxmayaraq polis əməkdaşları həmin şəxsləri şübhəli şəxs qismində Ağsu RPŞ-yə gətiriblər.

Faktla bağlı olaraq araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Ağsu   #din   #polis  

Oxunub: 621