Dövlət başçısı: "Beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir"


09:15     14 Yanvar 2020 2020/01/5CF63255-C937-4630-9BC2-5311B75E6234_1578977763.jpeg



Azərbaycanda UNESKO-nun Dünya İrs Komitəsinin sessiyası keçirilmişdir. Bu da dünya miqyasında çox mötəbər tədbirdir.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Dövlət başçısı bildirib ki, bu sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir: "Hesab edirəm ki, bu, çox böyük hadisədir. Çünki bu günə qədər Qobustan və İçərişəhər, Şirvanşahlar sarayı bu mötəbər siyahıya daxil edilmişdir. Hesab edirəm ki, Şəki Xan Sarayının bu siyahıda olması həm ədalətlidir, həm də bizim növbəti böyük uğurumuzdur".

Prezident İlham Əliyev daha bir beynəlxalq tədbirə diqqət çəkib: "Bu da keçən il Vaşinqtonda keçirilmiş Dünya Astronavtika Konqresidir. Bu, astronavtika sahəsində ən mötəbər tədbirdir. Bu konqres çərçivəsində Dünya Astronavtika Konqresinin 2022-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu da çox önəmli hadisədir - həm konqresin keçirilməsi böyük hadisədir, eyni zamanda, Bakı ilə bərabər, daha üç böyük şəhər bu yarışda iştirak edirdi – Rio-de-Janeyro, Sinqapur və Dehli şəhərləri. Bu çətin yarışda Azərbaycan qalib gəldi. Yəni, bu, bizim gördüyümüz işlərə böyük diqqətdir və bütövlükdə Azərbaycana göstərilən növbəti etimaddır. Onu da bildirməliyəm ki, təxminən 50 il bundan əvvəl - 1973-cü ildə Sovet İttifaqında cəmi bir dəfə Dünya Astronavtika Konqresi keçirilmişdir, özü də Bakı şəhərində. O vaxt Heydər Əliyevin səyləri nəticəsində sovet məkanında məhz Bakı bu konqresin keçirilməsi üçün seçilmişdir. Təxminən 50 ildən sonra növbəti dəfə Bakıda bu konqres keçiriləcək, artıq müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində.

Beynəlxalq müstəvidə bir çox önəmli hadisələr baş verdi. Sadəcə olaraq, mən əsas məsələlərə diqqət yetirirəm. Artıq dediyim faktlar əyani şəkildə göstərir ki, beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir və keçən il bu mövqelər daha da möhkəmlənmişdir".

Femida.az

Açar sözlər:

Oxunub: 632