Magistraturaya qəbul olmaq istəyən bəzi bakalavrlar qabiliyyət imtahanı da verəcəklər
09:42 14 Yanvar 2020
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”na dəyişiklik edib.
Femida.az-ın məlumatına görə, hazırda magistraturaya qəbul imtahanları iki mərhələdə aparılır. İmtahanın I mərhələsində ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi, II mərhələdə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi həyata keçirilir.
Qaydalara edilən yeni dəyişikliklərdə beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulur.
Dəyişikliyə əsasən, magistraturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən bir mərhələdə mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçiriləcək.
Yeni dəyişikliklərə əsasən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.
Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.
Qaydalarda elmi təşkilatın magistraturasının ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrların ixtisaslaşma seçimindən əvvəl Mərkəz tərəfindən müəyyən edilən vaxtda qeydiyyatdan keçməsi və həmin təşkilatda müsahibədə iştirak etməsi, yalnız müsahibədən “məqbul” qiymət alan bakalavrların ixtisaslaşma seçimi zamanı elmi təşkilatın magistratura ixtisaslaşmalarını seçə bilməsi ilə bağlı bənd ləğv edilib.
Femida.az
Oxunub: 586
Oxşar xəbərlər
- Magistraturaya boş qalan yerlərə qəbul elan edilib
- Magistraturaya növbəti qəbul imtahanı keçiriləcək
- Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edilib
- Magistraturaya sənəd qəbulu başa çatıb
- Magistraturaya qəbul qaydaları 2024-cü ildən dəyişdiriləcək
- Magistraturaya qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb
- Magistraturaya qeydiyyatla bağlı alternativ mərkəzlər yaradılıb
- Magistraturaya boş qalan plan yerlərinin sayı açıqlanıb
- Magistraturaya qəbul imtahanına qeydiyyat başladı
- Magistraturaya sənəd qəbulu başa çatdı