"Azərbaycan təcrübə öyrənən yox, təcrübəsi öyrənilən ölkə kimi tanınır" - Elgün Səfərov


15:38     15 Yanvar 2020 20_01_15_1579088424.jpg


Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ölkə daxilində fəaliyyəti ilə yanaşı bir sıra ölkələrin aidiyyatı dövlət orqanları ilə sıx əməkdaşlıq münasibətlərinin qurulması, eləcə də beynəlxalq təşkilatlarla əlaqələrin inkişaf etdirilməsini prioritet istiqamət kimi seçib.


Bu barədə komitənin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Femida.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, indiyə qədər bir çox ölkələrlə ikitərəfli memorandumlar və sazişlər imzalanıb:

“Əməkdaşlığımız sasən, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətindədir. Erkən nikahlar və məişət zorakılığı ilə mübarizə, eləcə də gündəlik fəaliyyət göstərdiyimiz digər sahələr üzrə müxtəlif ölkələrlə əməkdaşlıq edirik. Hətta bir sıra dövlətlər bizim təcrübəmizdən faydalanır, biz onlara təlimlər keçirik. Azərbaycanda qadın və uşaq hüquqlarına dair qanunvericilik normalarını nümunə kimi göstəririk. Bəzi dövlətlərlə isə ikitərəfli əməkdaşlıq çərçivəsində məlumat mübadiləsi aparılır.

Məsələn, Türkiyə ilə əməkdaşlığımız əsasən, qadın hüquqları istiqamətindədir. Fransa ilə məişət zorakılığının qarşısının alınması məsələsində əməkdaşlıq edirik. Ərəb ölkələrinə isə, əsasən biz öz nümunəvi təcrübəmizi göstəririk. Onlarda olmayan sistem bizdə var və biz də bunu yaxşı mənada onlara öyrədirik”.

“Beynəlxalq aləmdə bu sahədə Azərbaycan əksər hallarda təcrübə öyrənən yox, təcrübəsi öyrənilən bir ölkə kimi tanınır. Biz demirik ki, bizdə hər şey əladır. Sadəcə milli qanunvericiliyimiz, bu sahədə görülən işlər nümunə kimi qəbul olunur”, - deyə E.Səfərov qeyd edib.

Qeyd edək ki, AQUPDK bu günədək ikitərəfli münasibətlərin əməkdaşlıq çərçivəsində davam etdirilməsi üçün Fransa, Küveyt, Belarus, Mərakeş, Türkiyə, Latviya və İordaniya Haşimilər Krallığı kimi ölkələrlə Memorandum və Sazişlər imzalayıb.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #ailə   #qadın   #uşaq   #komitə  

Oxunub: 1498