Yunis Səfərovun məhkəməsi davam etdirilib


12:29     16 Yanvar 2020 1398947325_mehkeme.jpg

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov də daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Femida.az xəbər verir ki, cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya baxır.

Prosesdə vəkil Bəxtiyar Hacıyevin təqsirləndirilən Yunis Səfərovun müdafiəsinə qoşulduğu elan edilib.

Təqsirləndirilən şəxslər və vəkillər prosesin auido və video çəkilişlə aparılması ilə bağlı vəsatət veriblər, lakin vəsatət təmin edilməyib.

Y.Səfərov buna etiraz edib və hakim yerindən danışdığı üçün ona xəbardarlıq edib.

Yunis Səfərova dövlət hesabına təyin edilən vəkili Elman Ağayev özü-özünə etiraz verib. Vəkil deyib ki, müdafiə etdiyi şəxs ona etimad göstərmir. Hakim vəkilin etirazı qəbul etməyib və bildirib ki, müdafiəçi etirazı yazılı şəkildə təqdim etməlidir.

Daha sonra vəkillər hakimlərə etiraz ediblər. Bildiriblər ki, hakimlər onların prosesual hüquqlarını pozur və vəsatətləri təmin etmir. Onlar məhkəməyə etiraz bağlı vəsatət vermək üçün məhkəmədən vaxt istəyiblər.

Yunis Səfərovun yeni vəkili Bəxtiyar Hacıyev işlə tanış olmadığını və ona vaxt verilməsini istəyib.

Proses fevralın 17-də davam etdiriləcək.

Qeyd edək ki, cinayət işi üzrə Elmar Vəliyev və daha 5 nəfər zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı aparılıb.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 2019-cu il dekabrın 5-də baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət təqibi orqanından qaçıb ölkə hüdudlarından kənarda gizlənən 11 nəfər barəsində isə beynəlxalq axtarış elan olunmaqla barələrində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 746