Bakıda gənc oğlanı vurub qaçan sürücünün məhkəməsi başlayır


12:46     17 Yanvar 2020 mehkeme%20son%20deyyil%20baslangic.jpg

Bakıda piyadanı vuraraq xəsarət yetirməkdə təqsirləndirilən Emin Əlipənahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Hakim Ramin Qurbanovun icraatında olan iş üzrə hazırlıq iclası yanvarın 29-da keçiriləcək.

Qeyd edək ki, hadisə oktyabrın 29-da Yasamal rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əşrəfzadə Elnur Rafiq oğlu Şərifzadə küçəsi 1 saylı ünvanın qarşısında naməlum avtomobillə vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Sürücü hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Əlipənahov Emin Allahverdi oğlu olduğu müəyyən edilib. Məlum olub ki, o, hadisəni 99 MS 251 dövlət nömrə nişanlı "Runna" markalı avtomobillə törədib.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan E.Əlipənahova Cinayət Məcəlləsinin 263-1.1-ci (ol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 564