Penitensiar xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilib


12:09     21 Yanvar 2020 20_01_21_1579594422.jpg

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.


Müşavirədə Xidmətin Baş idarəsinin, eləcə də tabe qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə nazirinin müavini-Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov müşavirəni açaraq ötən il Penitensiar sahədə əldə olunmuş nailiyyətlər, həyata keçirilmiş mühüm yeniliklər və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib.

Nazir müavini hesabat dövründə cəza-icra fəaliyyətini tənzimləyən ölkə başçısının müvafiq fərman və sərəncamlarının, qanunvericilik aktlarının, eləcə də Nazirliyin kollegiya qərarlarında öz əksini tapmış tapşırıqların icrasının nəzarətdə saxlanıldığını, Baş idarənin, tabe qurumların maddi-texniki bazasının inkişafına, həbs edilmiş şəxslərin, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına, fəaliyyətin səmərəliliyinin artırılmasına, nizam-intizamın möhkəmləndirilməsinə, nöqsanların aradan qaldırılmasına xüsusi diqqət yetirildiyini bildirib.

Məhkumların hüquq və mənafelərinin etibarlı qorunması təmin edilmiş, penitensiar müəssisələrə Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının, İctimai Komitənin nümayəndələri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və onun Milli Preventiv Qrupunun əməkdaşları tərəfindən başçəkmələr həyata keçirilib.



Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının və 18 dekabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası davam etdirilib, aidiyyəti bəndlərinin icrası məqsədi ilə müvafiq tədbirlər görülüb.

Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov Xidmətin 2019-cu il ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib.

Bildirilmişdir ki, dövlət başçısının təşəbbüsü əsasında 20 oktyabr 2017-ci il tarixdə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı qəbul olunmuş Qanunun icrası davam etdirilib, 658 məhkum cəza çəkməkdən azad olunub, 2591 məhkumun cəza müddəti azaldılıb, 452 məhkumun cəzaçəkmə rejimi dəyişdirilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 16 mart tarixli Əfv sərəncamı vaxtında və dürüst icra edilib, 399 məhkumun cəzanın qalan hissəsini çəkməkdən azad edilib, 3 məhkumun isə ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

Qeyd olunub ki, 23 dekabr 2019-cu il tarixində bütün ölkədə olduğu kimi, Penitensiar xidmətin tabe qurumlarında da bələdiyyə seçkiləri uğurla keçirilib, cəza çəkənlər, habelə hərbi xidmət keçən əsgərlərə ərazi vahidində yerləşən seçki məntəqələrində səs vermələri üçün müvafiq şərait yaradılıb.



“Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi institutunun tətbiqi ilə bağlı penitensiar müəssisələrin vəzifələrinin icrası üzrə müvəqqəti Qaydalar”ına uyğun yaradılmış Xüsusi Komissiyanın fəaliyyətində şəffaflığın artırılması, korrupsiya və digər neqativ hallarla mübarizənin gücləndirilməsi məqsədilə Komissiyanın iclaslarının virtual formada keçirilməsi üçün tədbirlər görülüb.

Xüsusi Komissiyaya ümumilikdə hesabat dövrü ərzində 3397 məhkumun ərizəsi təqdim edilib.

Müsbət rəylə məhkəmələrə təqdim olunmuş 2970 müraciətdən 2802-si, yəni 94,3%-i təmin edilib.

Hesabat dövründə eyni zamanda penitensiar müəssisələrin əməliyyat aparatlarının məlumatları əsasında 622 cinayətin açılmasına köməklik göstərilib.

Penitensiar müəssisələrdə rejim-nəzarət funksiyasının gücləndirilməsi məqsədilə müvafiq tədbirlər görülüb, məhkumlar üzərində nəzarət gücləndirilib, görülmüş işlərin nəticəsi olaraq məhkum və həbs olunmuş şəxslər tərəfindən törədilmiş rejim pozuntularının sayı əhəmiyyətli dərəcədə azalıb.

Penitensiar müəssisələrə qadağan olunmuş əşyaların daxil olunmasının qarşısını almaq məqsədilə həyata keçirilən nəzarət gücləndirilib, nəticədə axtarış-baxış, habelə əməliyyat tədbirləri nəticəsində 88 fakt üzrə 125,7 qram narkotik və psixotrop maddə, 85 mobil telefon, habelə 68,5 litr spirtli içkinin penitensiar müəssisələrə keçirilməsinin qarşısı alınıb.

Hesabat dövründə eyni zamanda penitensiar müəsssisələrin etibarlı müdafiəsi və mühafizəsi, o cümlədən məhkum və həbs edilmiş şəxslərin təhlükəsiz şəraitdə daşınması yüksək səviyyədə təmin olunub.

Cinayətkarlıqla mübarizə işində respublikanın hüquq-mühafizə orqanları birgə görülmüş əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim olunmuş 6 ədəd tüfəng, 30 ədəd güllə və 1 ədəd soyuq silah (süngü-bıçaq) aşkar edilərək ərazi polis orqanlarına təhvil verilib.

Müşavirədə Penitensiar xidmətin cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1702