Polis ağır cinayətin üstünü açdı:Ruhi xəstənin öldürüldüyü məlum olub


12:24     22 Yanvar 2020 20_01_22_1579681516.jpg

Abşeronda meyiti kanalda tapılan ruhi xəstənin öldürüldüyü məlum olub.



Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis İdarəsinə (RPİ) Hökməli qəsəbəsində yaşayan ruhi xəstə Ceyhun Əhmədovun yanvarın 8-də evdən çıxaraq geri qayıtmaması barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

C.Əhmədovun üzərində zorakılıq əlamatləri olan meyitinin yanvarın 21-də Çaylı kəndinin ərazisindən keçən çayda tapılması faktı ilə əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq və əməliyyat tədbirləri ilə C.Əhmədovun yanvarın 8-də saat 20 radələrində Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində “Ford Tranzit” markalı avtomobillə vurulduqdan sonra qeyd edilən nəqliyyat vasitəsində sürücü və sərnişini tərəfindən aparılması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin sürücüsü, Xırdalan şəhər sakini H.Xudiyev və sərnişini, Bakı şəhər sakini S.Köçərili saxlanılıblar.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Açar sözlər:

Oxunub: 414