Zərgərin oğlunu öldürən "Pulya Nəriman”la bağlı qərar elan olunub


15:34     22 Yanvar 2020 hokm5.jpg

Ali Məhkəmədə qətl, quldurluq və digər ağır cinayət törətməkdə təqsirli bilinən Nəriman Fatullayevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Fatullayevin kassasiya şikayəti təmin edilməyib

İttiham aktına görə, N.Fatullayev tanıdığı və münasibətdə olduğu Lənkəran şəhərinin mərkəzi bazarında zərgərlik fəaliyyəti ilə məşğul olmaqla onunla eyni şəhərdə yaşayan "Zərgər Şükür” ləqəbi ilə tanınan Şükür Əhmədovun oğlu Şahin Əhmədovun külli miqdarda olan qızıl-zinət əşyalarını və digər əmlakını tamah məqsədilə ələ keçirmək qərarına gəlib.

Bu məqsədlə o, 2008-ci ilin iyun ayının 4-də, saat 07 radələrində əvvəlcədən hazırladığı plana əsasən, basqında istifadə etmək üçün nəzərdə tutulmuş silah qismində bıçaqla silahlanıb və maska taxaraq Şahin Əhmədovun yaşadığı Lənkəran şəhəri, Koroğlu küçəsi 71 ünvanda yerləşən fərdi yaşayış evinin hasarından içəri daxil olub.

N.Fatullayev çarpayıda arxası üstdə yatan Şahin Əhmədovun köməksiz vəziyyətindən istifadə edərək onu qəsdən öldürmək üçün hücum edib, metal boru ilə başından və bədəninin digər nahiyələrindən vurub, sonra bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Şahin Əhmədov həmin zaman aldığı xəsarətlərdən ölüb.

Daha sonra o, qışqırıq səsinə köməyə gələn Şahin Əhmədovun anası Əzizə Əliyevanı da yumruqla vurub. Bu zaman qadın onun başından maskanı çıxarmağa cəhd edib. N.Fatullayev törətdiyi cinayəti gizlətmək üçün öldürmək məqsədilə əlində olan bıçaqla Ə.Əliyevanın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Qadın qışqıraraq qonşuları köməyə çağırıb və N.Fatullayev hadisə yerini tərk edib.

2008-ci ildə qətl törədən N.Fatullayev uzun müddət hüquq-mühafizə orqanlarından gizlənə bilib. O, 2017-ci il aprelinin 28-də həbs edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin höküm ilə N.Fatullayev 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, N.Fatullayev cinayətkar aləmdə "Pulya Nəriman” ləqəbi ilə tanınır.

Femida.az

Açar sözlər:

Oxunub: 342


Oxşar xəbərlər