Azərbaycana qanunsuz dərs vəsaitləri gətirən şəxslərə bəraət verilib


13:45     23 Yanvar 2020 agir%20cinayet.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycana pirat dərs vəsaitləri gətirməkdə təqsirləndirilən Şahmar Abdullayev və Faiq Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Bu barədə Femida.az-a vəkil Səlahəddin Cəfərov məlumat verib.

Onun sözlərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxsə bəraət verilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, cinayət işi üzrə keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Şahmar Abdullayevin rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalı redaksiyasının və digər nəşriyyat qurumlarının əmtəə nişanlarından qanunsuz istifadə etməklə orijinal kitabların nümunələrindən keyfiyyətinə görə fərqlənən külli miqdarda pirat dərs vəsaitləri və test toplularının müxtəlif vaxtlarda ölkə hüdudlarından kənarda nəşr olunaraq həmin məhsulların Azərbaycanın gömrük nəzarətindən düzgün bəyan etməməklə keçirilməsi və respublika ərazisində satışının təşkil edilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, Şahmar Abdullayevə, Şirzad Abdullayevə, Faiq Məmmədova, Xanlar Qocayevə, Fəzail Qocayevə, Musurza Aslanova və Səfər Dünyamalıyevə Cinayət Məcəlləsinin 197.2 (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bakı şəhərinin müxtəlif ünvanlarında keçirilən əməliyyat-istintaq tədbirləri zamanı 510 min manat dəyərində pirat dərs vəsaitləri və test topluları aşkar edilərək götürülüb.

M.Aslanov, S.Dünyamalıyev, Ş.Abdullayev, F.Qocayev və X.Qocayevin cinayət işi ayrıca icraata götürülüb.

Açar sözlər:

Oxunub: 686