Əlillər mükafatlandırıldı


23:21     26 Noyabr 2015 20151126_6(1).jpg

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən xəbərə görə, tədbirdə əlilliyi olan şəxslərin ictimai həyatın bütün sahələrində iştirakına geniş şəraitin yaradılmasının Azərbaycan Prezidenti İlham Əliyevin sosial inkişaf kursunun əsas istiqamətlərindən biri olduğu vurğulanıb, bu sahədə ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs edilib. Bildirilib ki, əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi də bu təbəqədən olan insanların istedad və qabiliyyətlərinin üzə çıxarılaraq cəmiyyətə təqdim olunması, yaradıcılıq potensiallarının dəstəklənməsi və onların cəmiyyətə fəal inteqrasiyası məqsədinə xidmət göstərir.

Bu tədbirlərdə əhatə olunan əlilliyi olan şəxslərin və onların əl işlərinin sayı da hər dəfə artır. Sərgi-müsabiqədə əvvəlki, yəni Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi ilə müqayisədə 76 nəfər (52,4%) çox, yəni 221 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağın rəsm, xalçaçılıq, bədii tikmə, toxuma və hörmə, dulusçuluq, keramika, ağac üzərində oyma və metal üzərində işləmə, bədii tikmə və s. növlərdə əl işi nümayiş etdirilib. Ümumilikdə 762 əl işi təqdim olunub ki, bu da əvvəlki müvafiq sərgi-müsabiqədəkindən 264 ədəd (53%) çoxdur.

Sərgi-müsabiqə cəmiyyət tərəfindən də maraqla qarşılanıb və son iki gündə xeyli sayda insan buraya gələrək nümayiş olunan əsərlərə tamaşa edib, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq nümunələri ilə tanış olublar. Tədbir zamanı aidiyyəti qurumların nümayəndələrindən ibarət münsiflər heyəti nümayiş olunan əl işlərinin obyektiv qiymətləndirilməsini həyata keçiriblər. Beləliklə, münsiflər heyəti tərəfindən sərgi-müsabiqənin rəngkarlıq və qrafika, dekorativ tətbiqi sənət, tikmə və xalçaçılıq üzrə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında təsviri sənət üzrə qalibləri müəyyən edilib.

Daha sonra Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsinin qaliblərinin mükafatlandırılması olub. Rəngkarlıq və qrafika, dekorativ tətbiqi sənət, tikmə və xalçaçılıq üzrə I yer tutan 3 nəfərin hər birinə 300 manat, II yer tutan 7 nəfərin hər birinə 250 manat, III yer tutan 11 nəfərin hər birinə 200 manat pul mükafatı və diplomlar təqdim olunub. Həmçinin sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında təsviri sənət üzrə I yeri tutan 1 nəfərə 200 manat, II yeri tutan 3 nəfərin hər birinə 150 manat, III yeri tutan 5 nəfərin hər birinə isə 100 manat pul mükafatı və diplomlar verilib. Eyni zamanda, sərgi-müsabiqənin digər iştirakçıları maddi yardım və təşəkkürnamələrlə təmin olunublar.

Tədbirdə çıxış edənlər sərgi-müsabiqədə iştirak edən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara yeni-yeni yaradıcılıq uğurları arzulayıblar. Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar bu sərgi-müsabiqədən olduqca xoş, unudulmaz təəssüratlarla ayrıldıqlarını vurğulayıb, onların yaradıcılıq əzmini artıran və ictimai-mədəni həyatda fəal iştirak etmələrinə şərait yaradan belə tədbirlərin təşkilinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Açar sözlər:

Oxunub: 535