Baş Prokurorluq İlkin Süleymanova işgəncə verilməsi xəbərini təkzib edib


11:45     24 Yanvar 2020 20_01_24_1579852775.jpg


Azərbaycan Respublikasının Baş Prokurorluğu Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovla bağlı yayılan məlumatları təkzib edib. Femida.az-ın məlumatına görə Baş Prokurorluq İ.Süleymanovun vəkili Əlibaba Rzayevin müdafiə etdiyi şəxsə işgəncə verilməsinin həqiqətə uyğun olmadığını bildirib.


Açıqlamanı təqdim edirik:

"Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanı qəsdən öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayevin müdafiəçisi olduğu şəxsə istintaq zamanı guya işgəncə verməklə etirafedici məzmunlu ifadə verməyə məcbur edilməsi ilə bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib edilir.

Belə ki, İ.Süleymanov şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib, o cümlədən keçirilmiş prosessual istintaq hərəkətləri zamanı müdafiəçisinin və hal şahidlərinin iştirakı təmin edilib, bundan başqa məhkəmə-tibbi ekspertləri tərəfindən müayinə olunarkən, eləcə də 1 saylı istintaq təcridxanasına daxil olarkən İ.Süleymanovun bədənində xəsarət və ya xəsarət izi aşkar edilməyib.

İ. Süleymanovun istintaq təcridxanasına daxil olanadək, eləcə də sonrakı dövr ərzində hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalması barədə şikayəti daxil olmayıb.

Cinayət işi üzrə intensiv istintaq hərəkətlərinin həyata keçirildiyi bir vaxtda ayrı-ayrı şəxslər tərəfindən heç bir hüquqi əsasları olmayan mülahizələrin səsləndirilməsi yol verilməzdir və istintaq araşdırmalarının maraqlarına zidd olaraq ictimaiyyətdə yanlış fikirlərin formalaşmasına xidmət etməklə cinayət işinin istintaqına təzyiq kimi qiymətləndirir.

Femida.az

Açar sözlər: #BaşProkurorluq   #İlkinSüleymanov   #işgəncə   #vəkil   #hüquq  

Oxunub: 1056