Xızıda 3 qumbara, 1 partladıcı və 145 patron tapılıb


22:02     24 Yanvar 2020 2020/01/848D8AFB-E535-479B-B20C-F7D03903B0E4_1579889064.jpeg

Yanvarın 24-də saat 11:22-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonunun Giləzi qəsəbəsində iki ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Femida.az-a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Xızı Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Ərazidə bir ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində üç əl qumbarası (bir ədəd F-1 və iki ədəd RQD-5), bir UZRQM partladıcısı, 145 ədəd müxtəlif çaplı patron, bir mobil telefon və dörd ədəd avtomobillər üçün dövlət nömrə nişanı aşkarlanıb. Mobil telefon və avtomobil dövlət nömrə nişanları Xızı Rayon Polis Şöbəsinə təhvil verilib, hərbi təyinatlı əşyalar isə zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkarlanmış obyektlərin tapıldığı yerin ətrafında 620 kvadratmetr əraziyə yerüstü və yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 838