Bakıda marşrut avtobusu qəzaya uğrayıb - Xəsarət alanlar var


11:10     25 Yanvar 2020 2020/01/38db8504-65fe-4681-af85-9e2633a8d2eb_1579936437.jpg

Bu gün səhər saat 8 radələrində “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 JL 290 DQN) avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan avtobusun qarşısına əks istiqamətdə hərəkət edən VAZ 2107 markalı minik avtomobili çıxıb. Toqquşmadan yayınmaq üçün avtobusun sürücüsü manevr etmək istəsə də yol sürüşkən olduğundan nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtobus yoldan kənara çıxıb.

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu gün saat 7:00 radələrində Zabrat Maştağa avtomobil yolundakı körpünün üzərində sürücü Cahangirov Elgün Otello oğlunun idarə etdiyi “Ayşən LTD” MMC-yə məxsus, 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 90-JL-290 dövlət qeydiyyat nişanlı avtobusla eyni istiqamətdə qarşısında hərəkət edən və körpü üzərində idarəetmədən çıxaraq fırlanıb hərəkətin əks istiqamətdə dayanmış Quliyev Əbil Zabil oğlunun idarə etdiyi VAZ-2107 markalı, 10-MR-819 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.

Qəza nəticəsində avtobusun sürücüsü və sərnişinləri, 1970-ci il təvəllüdlü Kərimova Aytən Əfələddin qızı, 1996-cı il təvəllüdlü Məmmədova Fidan Rasim qızı, 1961-ci il təvəllüdlü Balakişiyeva Mühbarə Cuma qızı, 1993-cü il təvəllüdlü Məmmədov Əli Rasim oğlu, 1996-cı il təvəllüdlü Həsənov Elşən Məmməd oğlu və1991-ci il təvəllüdlü Rüstəmzadə Murad İlqar oğlu yüngül dərəcəli xəsarətlər alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 757