"Məqsədimiz bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsidir" - Lyudmila Xəlilova ilə müsahibə


12:47     27 Yanvar 2020 2020/01/IMG_4293_1580115005.jpg

Məqalə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi" layihəsi çərçivəsində hazırlanıb.


Femida.az –ın müsahibi gender üzrə ekspert və Avropa İttifaqının və BMT-nin İnkişaf Proqramının dəstəklədiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə Gender əsaslı Bələdiyyələrin təşviqi" adlı layihənin koordinatoru xanım Lyudmila Xəlilovadır.


- Lyudmila xanım, Sizi daha yaxından tanıyaq. Bələdiyyə sahəsində neçə illik təcrübəyə maliksiniz?


-Bələdiyyə sahəsində fəaliyyətimi 2004-cü ildən başlamışam. 2006-cı ildə həmkarlarımla birgə qərara gəldik ki, bələdiyyələrdə təmsil olunan qadınların birliyini yaradaq. Həmin ildən rəsmi olaraq Ədliyyə Nazirliyindən qeydiyyatdan keçdik və fəaliyyətə başladıq. İlk dövrdə sual verirdilər ki, bu nəyə lazımdır? Qadın artıq bələdiyyəyə üzv, yaxud sədr seçilibsə əlavə dəstəyə nə ehtiyac var? Biz vəziyyəti təhlil edib gördük ki, bələdiyyələrdə qadınların sayı xüsusilə rəhbərlikdə çox azdır və onların idarəetmə sahəsində bilik və təcrübələri arzu olunan səviyyədə deyil. Bunları nəzərə alıb biz “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” təşkilatı yaratdıq, o böyük şəbəkədir və onun fəaliyyəti bütün ölkəni əhatə edir


- İstərdim layihələrinizdən danışaq. Qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində son illərdə hansı işləri görmüsünüz?


- Biz bir çox layihələrə imza atmışıq. Mən ötən ildən bəri Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində icra etdiyimiz Avropa İttifaqının və BMT-nin İnkişaf Proqramının dəstəklədiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi vasitəsilə Gender əsaslı Bələdiyyələrin təşviqi" layihəyə diqqətinizi cəlb etmək istərdim. Layihənin həyata keçirilməsində məqsədimiz effektiv və gender yönümlü yerli özünüidarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsidir.

Bu məqsədlə ilk olaraq 2019-cu ilin dekabrında Azərbaycanda baş tutmuş bələdiyyə seçkilərində qadın iştirakşılığının gücləndirilməsi və onların liderlik potensialının inkişafı üçün 10 sərhədyanı regionda silsilə maarifləndirici tədbirlər həyata keçirildi. Bundan başqa qadınlar arasında seçici, namizəd və müşahidəçi mədəniyyətinin təbliği, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında bələdiyyələrin rolu, gender əsaslı yerli idarəetmənin təşkili məqsədilə Gender əsaslı Bələdiyyə Akademiyasını yaratdıq. Burada 200-dən çox qadın iştirak etdi və bu Azərbaycanda bir ilk idi.


-Özünüz də qeyd etdiniz ki, qadınların yerli idarəetmədə rolunun artırılmasında işlər görürsünüz. Artıq bələdiyyə seçkiləri keçirildi. İlkin nəticələr Sizi qane edirmi?


- Mən bu suala rəqəmlərlə cavab vermək istəyirəm. Bildiyiniz kimi, sonuncu 23 dekabr 2019-cu il bələdiyyə seçkilərində qalib gələn qadınların sayı 5882 nəfər yani 38,81% olmuşdur. Bu böyük bir nailiyyətdir və çox təqdirəlayiqdir.


-Qadınların siyasi müstəvidə dəstəklənməsində partiyaların rolunu necə qiymətləndirirsiniz?






- Bu olduqca vacib bir məsələdir. Biz arzu edirik ki, partiyalar qadın namizədləri dəstəkləməklə yanaşı, həmdə onlar üçün bərabər imkanların yaradılmasını təmin etsinlər və beş illik təmsilçilik müddətində öz namizədlərinin fəaliyyətinə dəstək olsunlar. Yeri gəlmişkən qeyd edim ki, rəsmi açqıqlamaya görə son bələdiyyə seçkilərində cəmi 13 partiya iştirak etmişdir və partiyalar tərəfindən dəstəklənən namizədlər üstünlük təşkil edir.

- Bizi düşündürən və narahat edən müstəqil namizəd olan qadınlar idi. Bir çox hallarda mübarizədə çətinlik çəkən nümunəvi qadın namizədlərimiz var idi. Uğur qazanan qadınlar heç də bunu asanlıqla əldə etməyib.


-Sonda bələdiyyələrə seçilmiş qadınlara sözünüz nədir?

- Gender bərabərliyinin əldə olunması, qadınlara səlahiyyətlərin verilməsi dövrümüzün hələ başa çatdırılmamış vəzifəsidir və bu gün dünyada insan haqları sahəsində əhəmiyyətli problemlərdən biridir. Yerli demokratiyanın quruculuğunda təmsil olunan hər bir qadın Konstitusiyamızda ona verilən bərabərlik, cəmiyyətin və dövlətin siyasi həyatında və idarə olunmasında maneəsiz iştirak etmək hüququna əsaslanaraq, gender yönümlü keyfiyyətli yerli idarəetmənin aktiv iştırakçısı olmalıdırlar. Bütün bilik və bacarıqlarını onlara göstərilən etimadın doğrulmasına sərf etməlidirlər. Bu məsuliyyitli və şərəfli yolda hər birinə cansağlığı və uğurlar arzulayıram.



Hazırladı: Miri Məcidli
Femida.az




Açar sözlər:

Oxunub: 1010