Bələdiyyələrin maliyyə resurslarına əlçatımlılığı olmalıdır


10:12     26 Noyabr 2019 2020/01/lyudmmmm_1580364916.jpg

Qadının cəmiyyətdəki rolunu artırmaq üçün gender bərabərliyini tarazlamaq lazımdır. Tərəzinin hər iki tərəfi eyni yüksəklikdə durmalıdır. Bu tarazlıq evdə, işdə, idarəetmə orqanlarında, vəzifə bölgüsündə, bir sözlə, hər sahədə olmalıdır.


Məqalə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində hazırlanıb.

Bu gün qadın səlahiyyətlərinin artırılması seçkilərdə qadın namizədlərin çoxalması ilə də özünü göstərir. Bu missiyanı həyata keçirən “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi qadınların maarifləndirilməsi, idarəetmə orqanlarında təmsilçiliyi üçün davamlı layihələr icra edir. Hazırda təşkilat “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsini Azərbaycanın 9 bölgəsində-Bakı, Abşeron, Ağdam, Bərdə, Goranboy, Tərtər, Tovuz, Ağstafa və Qazaxda uğurla gerçəkləşdirir. İB-nın sədri Lyudmila Xəlilovanın sözlərinə görə, gender yönümlü yerli özünüidarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsi prioritet məsələlərdən biridir: “Artıq Gender əsaslı Bələdiyyə Akademiyası yaradılıb və 100 lider qadın müxtəlif mövzularda təlimlərə cəlb olunub”.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi layihənin tərəfdaşı kimi çıxış edir. Bu baxımdan komitənin sədr müavini Sədaqət Qəhrəmanovanın mətbuata açıqlaması maraq doğurur:

“Layihə vasitəsilə biz, ələlxüsus, gender bərabərliyi və qadınların səlahiyyətlənməsi üzrə 5-ci məqsədə, inklüziv iqtisadi inkişaf və layiqli məşğulluq üzrə 8-ci məqsədə və bərabərsizliyin azaldılması üzrə 10-cu məqsədə töhfə vərəcəyik”.
Bir sözlə, layihə çərçivəsində tədbirlərin uğurla icrası qadınların qərarvermə prosesində və yerli idarəçilikdə iştirakının artırılmasına, milli inkişaf prosessinə əhəmiyyətli təsir göstərib. Təlimlərdə iştirak edən və artıq öz sözünü inamla deməyi bacaran bir neçə xanımdan aldığımız fikirlər də bunu təsdiq edir.
Günay Filmanova: “Bələdiyyəyə gələn xanımlar seçilmiş qadınlardır”
Günay Filmanova Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvüdür. İki çağırış bələdiyyə seçkilərində seçicilərinin etimadını qazanıb. V çağırış bələdiyyə seçkilərində yenə qələbə qazanacagına inanır. Çünki o, öz seçicilərinə arxalanır.
Gəncə Dövlət Universitetində (GDU) tarix ixtisası üzrə bakalavr və magistratura pilləsini bitirib. GDU-da pedaqogikanın tarixi üzrə dissertasiya yazır. Ailəlidir.
Günay Filmanova həyat kitabından səhifələri özü vərəqləyir.

Fəaliyyət dairəsi





2006-cı ildən 10 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyirəm. İşlədiyim müəssisəni irəli aparmaq üçün əlimdən gələni edirəm. Mən bağçada olan 115 uşağın valideyninin hamısını demək olar ki, tanıyıram. Kimin hansı problemi var, harada işləyir və s. Çünki valideynlə söhbətdən sonra onun uşağına necə yanaşmaq lazım olduğunu öyrənirsən. Ailə dəyərlərinə çox hörmətlə yanaşıram. Bizi tanıyanlar bilir ki, nümunəvi ailəyik. Ailəmdə qüsur olmaması üçün analıq borcumu layiqincə yerinə yetirirəm. Cəmiyyətə saf əqidəli, vətənpərvər övladlar yetişdirməyə çalışıram. Uşaqlarım qayğımdan, diqqətimdən kənarda qalmır. Üç övladım var. Böyük oğlumuz İqtisad Universitetinin tələbəsidir, 630 balla ingilis dilində dünya iqtisadiyyatı fakültəsinə qəbul olub. Digərləri isə hələ orta məktəb şagirdləridir. Onları oxuduqları məktəbdə də tərifləyirlər.
İctimai işlərdə fəal iştirak edirəm. YAP-dan namizədliyimi irəli sürmək təklifini alanda özümü bələdiyyə üzvlüyünə hazır görürdüm. İmza toplama kampaniyasında vətəndaşlar öz problemlərini deyirdilər. Soruşurdular ki, etimad göstərib, seçkilərdə məni dəstəkləsələr, onlara kömək edə bilərəmmi? “Yəqin ki, kömək edə bilərəm”-cavabını verirdim. Bələdiyyə üzvü seçildiyim gündən sakinlərin qaldırdıqları məsələlərə yardımçı olmağa çalışdım. Ehtiyacı olan, yataqxanada yaşayan ailələrə kömək etdim. Bəzən bələdiyyə ilə bağça arasında vasitəçi rolu oynamışam. İclaslarda ehtiyacı olan valideynlərə maddi yardım məsələsini qaldırmışam. Sədrimiz və digər bələdiyyə üzvləri də fikir və təkliflərimi müsbət qarşılayıb. Binaların qarşısında əyləncə meydanşasına ehtiyac vardı, onu həll etdik. İmkan daxilində bələdiyyəmiz problemləri həll etməyə çalışır.

Güclü qadın fenomeni

Mənə elə gəlir ki, səhvsiz insan yoxdu. Amma lider qadın başqalarından nümunəvi davranışı, qabaqcıl və uzaqgörənliyi ilə seçilməlidir. O, yaxşı ideyalar sahibi olmalıdır. Ən əsası odur ki, lider xanım başqalarını inandıra bilməlidir.
Mən özümü güclü sayıram. Amma rayonların birində təlim zamanı güclü lider xanımları görəndən sonra başa düşdüm ki, hələ imkanlarımdan yetərincə istifadə etmirəm. Həmin qadınların gücü pillə-pillə qalxmaqda, ailələrinin ağırlığını üzərlərinə götürməklə problemlərin həllinə nail olmalarındadır. Onlar maddi, mənəvi və fiziki çətinliyi yaşayıb, bu gün hər şeyi əldə edə biliblər. İndi də imkansızlara əl tutur, ehtiyacı olanlara kömək edirlər. Bax, bundadır onların gücləri.
Dəvət aldığım bütün seminarlarda iştirak etmişəm. Təlimlərdən sonra gördüm ki, əgər qanunu bilirsənsə hüquqlarını müdafiə edə biləcəksən. Təlimlər mənə özümə güvəni öyrətdi.

Bələdiyyə haqqında maariflənmə çox az idi. Seminarlarda onun əhəmiyyətini öyrəndik, anladıq. Təəssüf ki, “bələdiyyə mənə nə verir ki?”- deyənlər onun vacibliyini başa düşmürlər. Ona görə də bəzi qadınlar seçkilərdə iştirak etməyə maraq göstərmirlər. Bəzən qadınlar özlərinə dəyər vermirlər. Ətrafımdakı qadınlardan “Niyə özünüzü aktiv insanların arasında görmək istəmirsiz?” soruşuram. Mən qadınlara yol göstərirəm, onlara balığı yox, balıq tutmağı öyrədirəm. Bu dəfə namizədliyimi özüm irəli sürdüm və mənimlə bərabər bir neçə qadın da bu təşəbbüsə qoşuldu.

Qadın həmrəyliyi

Məni narahat edən məsələlərdən biri qadın həmrəyliyinin aşağı olmasıdır. Bələdiyyəmizdə 19 üzvün 7-si qadındır, amma onların həmrəyliyini görmürəm. Həmişə deyirəm ki, gəlin, həmrəy olaq. Bir lider seçib, onun arxasınca gedək. Amma təəssüf ki, məsləhətlərimə məhəl qoymurlar. Biri digərindən üstün olmağa çalışır. Hamı özü-özlüyündə lider olmaq istəyir. Bəzi qadınlar bələdiyyə üzvlüyünü ikinci iş yeri kimi sayır, ona dırnaqarası baxırlar. Bəzən iclaslara gəlmirlər, ya da orda müzakirə olunan mövzuları heç başa düşmürlər.

İcra strukturlarında qadın müavinlər azdı. Çünki özünə güvənən qadınlar da azdır. Tariximizə nəzər yetirsək görərik ki, başqa xalqlardan fərqli olaraq, bizim ziyalı və qəhrəman xanımlarımız çox olub. Onların adlarını sayıb qurtarmaq olmur. Nəinki elm sahəsində, hətta döyüşlərdə kişilərlə çiyin-çiyinə döyüşən qadınlarımız olub. İndi də var, amma üzə çıxmırlar.
Cəmiyyətdə qadının rolu
Qadının cəmiyyətdəki rolunu artırmaq üçün gender bərabərliyini tarazlamaq lazımdır. Tərəzinin hər iki tərəfi eyni yüksəklikdə durmalıdır. Bu tarazlıq evdə, işdə, idarəetmə orqanlarında, vəzifə bölgüsündə, bir sözlə, hər yerdə olmalıdır. Maarifləndirmənin gücünü, sayını artırmaq lazımdır. Mən bələdiyyəmizdə qadınlarla işləyən komissiya olmasını təklif etmişdim. Bələdiyyə sədrinin də qadın olması məqsədəuyğun sayılardı.
Cəmiyyətin irəli getməsində təhsilli insanların rolu böyükdür. Qadın ağıllı ideyalar verəndə, fikir söyləyəndə ailədə onun səsini eşidirlər, onunla hesablaşırlar. Bunun da kökündə yenə təhsil, dünyagörüşü və illərin təcrübəsi durur. Savadsız qadın necə düzgün yol göstərə bilər? Erkən nikahlar da əksər halda bununla bağlı olur. Buna görə qaynana-gəlin münasibətləri pozulur. Aqressiv yanaşmalar münaqişələrə yol açır, insanlarda dözümsüzlük yaradır.
Vaxtını boş yerə xərcləyən qadınlarımız çoxdur. Mən fikir vermişəm, onlar irəli getmək əvəzinə vaxtlarını telefon və kompüterdə çatlara, məhəllədə söz-söhbətə, dedi-qoduya və ailə çəkişmələrinə ayırırlar. İşgüzar xanımın isə belə şeylərə vaxtı, marağı və həvəsi də olmur.
İstəyirəm ki, heç nə bacarmayan xanımlar hansısa peşə vərdişlərinə yiyələnsinlər, ailə büdcəsinə xeyir versinlər. Bu, toxuma, tikişlə məşğul olma, cücə saxlama və s. ola bilər. Vaxtları da səmərəli keçər.

Bələdiyyənin nüfuzu

Türk filmlərində baxırıq ki, hər yerdə - parklarda, skamyaların yanında bələdiyyənin adı yazılmış lövhələr qoyulub. Şəhər sakinləri, qonaqlar o parkda gəzəndə, skamyalarda oturanda hansı bələdiyyənin ərazisi və işi olduğunu görürlər. Vətəndaş onun işi ilə qarşılaşanda bələdiyyə haqqında təsəvvürü olur. Bizdə indi hamı bələdiyyəni torpaqsatan qurum kimi tanıyır. Mən istərdim ki, bələdiyyənin gördüyü işlər reklam olunsun. Bələdiyyənin qolları artmalıdır, o şaxələnməlidir. Deyək ki, təhsilə və bağçaya da nəzarət etsə, onu da icra hakimiyyəti kimi nüfuzlu orqan kimi görərlər.

Aynur Axundova: “İnsanlara kömək edirsən, bu səni sevindirir”
Aynur Axundova Qobustan rayonunun Cəyirli kəndində anadan olub. Tam orta məktəbdən sonra Şamaxı şəhər Maarif Texnikumunun (indiki Regional Kolleç) ingilis dili və tərcümə fakültəsini bitirib. 2007-ci ildə təyinatla doğma Cəyirli kənd məktəbinə göndərilib. Ailə qurub və bir neçə il Moskva şəhərində yaşayıb. 2018-ci ildə Odlar Yurdu Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə qiyabi yolla bitirib. Eyni zamanda İsveçrənin Montreux Biznes Məktəbinin iki illik kursunu da oxuyub. Ailəlidir. Bir övladı var.
Dediyinə görə, bələdiyyə haqda məlumatı və marağı olmayıb. Lakin qadınlara böyük üstünlük verildiyi və YAP tərəfindən təklif olunduğu üçün 2014-cü ildə Bələdiyyə seçkilərinə qatılıb, uğur qazanıb. Tərəddüdlə bələdiyyə sədri vəzifəsinə razılaşsa da, sonradan işi öyrənib. İctimai iş olsa da müəyyən çətinliklərin öhdəsindən gəlməyə çalışıb.

-Həyatda kimə bənzəməyə çalışmısınız?
-Anam bu kənddə ilk təhsilli qadın olub. Onun həyat tərzi, fəaliyyəti mənim üçün örnəkdir. Oxumaq üçün stimulu ondan almışam. Uzun müddət kənd sovet sədri, sonra ibtidai sinif müəllimi işləyib. Mən ailənin yeganə övladıyam. Demək olar ki, məktəbdə, partanın üstündə böyümüşəm. Ona görə məktəb mənim ikinci evim sayılır. Həyatda göz açıb, gördüyüm mühit məni bu sahəyə yönəldib. Elə müəllimlik peşəsinə məhəbbət də müəllimlərin arasında olmağım, kitab və dəftərləri sevməyimlə bağlıdır.
-Kənddən ayrılıb, iri şəhərlərdən birinə köçmək arzunuz varmı?
-Kəndin havası, gözəlliyi və rahatlığı məni qane edir. Burda özümü təhlükəsiz hiss edirəm. Amma bir yerdə dayana bilmirəm. Bu da mənim xasiyyətimdən irəli gəlir. Daha irəli getmək istəyirəm. Bir mövqedə qalmağı sevmirəm. Diplomatiyanı çox sevirəm. Siyasətə meyilliyəm. Bu sahədə özümün xüsusi fikirlərim var. Müəllim və bələdiyyə sədri kimi öz regionumuzda tanınmışam. İndi sevə-sevə təhsil aldığım sahədə özümü sınamaq istəyirəm.
-Cəyirlidə qadınlara qarşı münasibət necədir?
- Kəndimiz bir az konservativdir, dindarlığa, adət-ənənələrə bağlı kənddir. Müəyyən ailələr hələ də təhsil almağa yaxşı baxmırlar. Məktəbdə şagirdlərimin valideynləri ilə söhbətlər aparıram. Müəyyən hissəsi qulaq asır. Bəziləri laqeyd qalır, susur, sadəcə baxır. Azərbaycan müstəqillik qazandığı dövrə qədər erkən nikahlarla bağlı problemlər olub. Qızı başından edən ailələr də çox olub. Amma indi belə hallar yoxdur. Kəndimizdə azad fikirli qadınlar çox azdır. Onların düşüncələri bəzən düzgün qəbul olunmur. Bu da mental dəyərlərdən irəli gəlir və stereotiplər inkişafa mane olur.
-Yəqin bu səbəbdən kişilər öz xanımlarına sərbəstlik vermirlər. Bu inamsızlıqdan irəli gəlir, yoxsa səbəb başqadır?
- İnamsızlıq deməzdim. Bu kökdən gələn mentalitetlə bağlıdır. Həm də genetik tərbiyənin məhsuludur. İnsanlar ailələrində gördüklərini yamsılayırlar. Hələ də ailələrdə bu fikir hökm sürür: “Mənim anam belə olub, belə yaşayıb. Sən də belə yaşamalısan”. Kişilər düşünür ki, qızını, yaxud həyat yoldaşını işləməyə qoysa, cəmiyyət onu qınayar.
Düşünürəm ki, bu kimi hallara qızların təhsil almaları və maariflənmə ilə qalıb gəlmək olar. Hərdən onlara özümü də nümunə göstərirəm. Analar təhsilli olsa, sabah təhsilli bir qaynana kimi gəlini ilə xoş davranar və öz qızının da oxumasında maraqlı olar. Ana uşaqları tərbiyə edir, fikirləri də uşağın beyninə o yeridir. Bəzən kişiləri günahkar sayırıq, amma elə ailələr var ki, analar bu inkişafın qarşısını alır. Amma onlar oxumuş oğlana həvəslə qız verirlər. Çox sevinirəm ki, keçən il dərs dediyim sinifdə yeddi qızdan üçü kollecə, biri isə 605 balla universitetin ingilis dili fakültəsinə qəbul oldu. Yəni ailələrdə qızların təhsil almasına meyl oyada bilirəm. Son illər universitet və kolleclərdə təhsil alan qızların sayı artır.
-Xanımların kiçik sahibkarlıqla məşğul olması məsələsi həllini necə tapır?
-. Bizim kənddə hər bir xanım özünə uyğun bir sahibkardır. Hər bir ailənin kiçik təsərrüfatı var. Evdə çalışan xanımlarımız var ki, onlar uzun illərdir dərzi və saç ustası kimi ixtisaslaşıblar. Sadəcə bizneslərini böyütmək üçün onlara dəstək lazımdır. Həmin xanımlara düzgün yol göstərmək üçün maarifləndirmə proqramları həyata keçirilməlidir. Mənim fikrimcə, bu işdə xanımların özləri bir şəbəkə yaradıb, bir-birinə kömək etməlidirlər. Kiçik sahibkarlara kömək üçün məşğulluq proqramları var. Qobustan rayonu paytaxtdan bir saatlıq məsafədə yerləşməsinə baxmayaraq, sahibkarlığın inkişafı üçün olan layihələrdən kənarda qalıb. Heç bir təşkilat bura gəlib, yerli əhaliylə iş aparmır. Kosmetika şirkətlərindən başqa.
Kəndimizin adicə tibb işçisinə böyük ehtiyacı var. Bir tibb bacısı və ya həkim kəndə gəlib, işləməyə razılıq versə, o, burda ən inanılmış, hörmətə layiq insan olar. Xəstəsi olan daha rayona üz tutmaz.
-Bəlkə xanımlar daxili potensiallarından istifadə etsələr, istədiklərinə nail olarlar, necə düşünürsünüz?
-Qadınlar cəmiyyət içində az görünürlər, ona görə də onlarda ünsiyyət problemi olur. Onlar çərçivədən kənara çıxa bilmirlər. Yalnız öz dünyalarında, yəni ailədə özlərini sübut edə bilirlər. Hər bir insan təhsili, dünyagörüşü və imkanlarından istifadə etməlidir. İndi hər şey əlçatandır. Hətta təhsil ala bilməyibsə, internet resursları var. Adicə seyr etdiyi filmlərdən xoş nümunə mənimsəyə bilər. Təəssüf ki, bəzən mənfi nələrisə götürürlər. Təhsilli qadın düzgün seçim edir.
-Təlimlər insanın həyatında önəmli rol oynayır.
-Doğrudur. Təlimlər mənim də fəaliyyətimə təsirsiz ötüşmədi. Kənd bələdiyyələri Assosiasiyasının idarə heyətinin üzvüyəm. İclaslarda iştirak edirdim. Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin bir neçə təlimlərinə dəvət olundum. Bu seminarlar arasında ən önəmlisi “Gender əsaslı Bələdiyyə Akademiyası” çərçivəsində gender bərabərliyi, qadınların cəmiyyətdə rolu, liderlik, qadınların bələdiyyə seçkilərində təmsilçiliyi, gender təhsili mövzuları ilə peşəkar təlimçilər tərəfindən bağlı bolluca məlimat qazandım. Əlaqələrim genişləndi. Yeni tanışlar tapdım. Yeni tanışlıqlar əldə etdim. Bölgələrdən gələn xanımlarla təcrübə mübadiləsi apardım. Həmin xanımlar fikirlərini mütəmadi sosial şəbəkələr vasitəsilə paylaşmağı, bölüşməyi sevirlər. Oxşar və fərqli mövzuları müzakirə etdik. Onların iş prinsiplərini öyrəndim. Əhaliylə operativ işləmələri, müraciət zənglərilə yerində maraqlanmaları xoşuma gəldi.
-Bələdiyyənizdə problemlər olmamış deyil...
- Əvvəlki bələdiyyə sədrlərinin səmərəsiz işləri üzündən bələdiyyəmiz problemli olub. Onun 11 min manat borcu vardı. Borclar getdikcə artırdı. Borcların bir hissəsini dotasiya və yığılan vergilərin hesabına bağlamışıq. Yığımlardan borcumuz əlbəttə ki, indi də çoxdur. Pul gətirən yeni obyektlərin açılması isə böyük maliyyə istəyir.
Bizim bələdiyyədə heç kim əmək haqqı almır. Sədr kimi bütün işləri özüm aparıram. Bələdiyyə üzvü Mətanət Həsənova mühasibimizdir. O da mənə müəyyən işlərin görülməsində dəstək durur. Yaxşı ki, kənd camaatında birlik var. Ağsaqqal sözü eşidilir. Bir çox ictimai layihələri kəndin ağsaqqalları, sahibkar və imkanlı şəxslərinin dəstəyilə həyata keçirmişəm. Onların ianələri ilə kəndimizə asfalt yol çəkdik. Texnika ilə İcra Hakimiyyəti kömək etdi. Bu birlik artıq digər kəndlərdə də müzakirə olunur.
Bələdiyyə sahəsini bilən daha savadlı kadrlara ehtiyacımız var. Bələdiyyəmiz maliyyə mənbələri tapsa, özü-özünü idarə edə bilər. Heç olmasa bir neçə nəfəri əmək haqqı ilə təmin edərik. Əmlak vergisi və digərlərini yığmaq sadəcə arzu kimi qalır. Bunun bir neçə səbəbi var. İş problemi yaralı yerimizdir. Rayonumuz kiçikdir və iş yerləri məhduddur. Ona görə də ailə başçıları, gənclər əsasən Müşfiqabad, Masazır və s. qəsəbələrdə işləməyə məcburdurlar. Onların torpaqları başqasının əlində olur və onlar da torpaq vergisini verməkdə maraqlı deyillər. Kənddə qalanlar isə yalnız heyvandarlıq və əkinçiliklə məşğul olurlar.
Biz nikbinik. Dekabrın 23-də keçiriləcək Bələdiyyə seçkilərinə 19 nəfər namizədlə gedirik. Onlardan 15 kişi, dördü isə qadındır. Namizədlərin çoxu isə mənim şagirdlərim olub.
P.S. Bələdiyyə üzvü Mətanət Həsənova Cəyirli kəndinin turistik zonaya da çevriləcəyi halda bələdiyyənin vəsait qazanmaq şansının yaranacağı ehtimalını deyir: “Turistləri evlərdə saxlamaqla yerli əhali maddi gəlir əldə edə bilər. Palçıq vulkanlarımız, bulaqlarımız, kəndimizin saf, təmiz havası və gözəlliyi buna imkan verir. Lakin burda yenə konservativlik özünü göstərir. İnsanlar hələ buna hazır deyillər. Düzgün təbliğat və bir az da maddi vəsaitlə kəndimizə turist axının təmin olunmasına nail ola bilərik. Həm kəndimiz tanınar, həm də inkişaf edər. Əfsus ki, bu məsələyə hələ də dırnaqarası baxırlar”.

Yeganə Nəbiyeva,
“Mingəçevir işıqları” qəzetinin redaktor müavini

Açar sözlər:

Oxunub: 651