Hərbi xidmətə yanvar çağırışı başa çatıb


09:43     31 Yanvar 2020 20_01_31_1580449455.jpg


Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncama uyğun olaraq yanvarın 1-dən başlanmış növbəti həqiqi hərbi xidmətə çağırış başa çatıb.


Femida.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi ay ərzində müvəffəqiyyətlə yekunlaşdırılıb.

Azərbaycanın bütün şəhər və rayonlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli idarə, şöbə və bölmələrinin şəxsi heyətinin, ictimaiyyətin, hüquq mühafizə orqanları, şəhər və rayon icra hakimiyyətləri, kütləvi informasiya vasitələri nümayəndələrinin, ziyalıların, ağsaqqalların, şəhid ailələri üzvlərinin, veteranların və valideynlərin iştirakı ilə keçirilən yolasalma mərasimləri əsl bayram təntənəsinə çevrilib. Çağırışçılar həqiqi hərbi xidmətə mütəşəkkilliklə və böyük ruh yüksəkliyi ilə yola düşüblər.

Sərəncama əsasən, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları bu gündən başlayaraq yanvarın 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulan xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları da bu gündən başlayaraq yanvarın 30-dək ehtiyata buraxılıblar.

Qeyd edək ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna əsasən, ölkə vətəndaşları müddətli həqiqi hərbi xidmətə ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.

Femida.az

Açar sözlər:

Oxunub: 424