Azərbaycan Ukrayna ilə bir sıra sənədlər imzalayıb


19:43     31 Yanvar 2020 sened_0238.jpg


Bu gün Kiyevdə Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.


Energetika Nazirliyindən Femida.az-a verilən məlumata görə, iclasdan əvvəl komissiyanın həmsədrləri nazir Pərviz Şahbazov ilə Ukraynanın İnfrastruktur naziri Vladislav Krikli arasında görüş olub.

Görüşdə ötən ilin dekabrında Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəmizə səfəri və Prezident İlham Əliyevlə keçirilən danışıqların Ukrayna-Azərbaycan əlaqələrinin yeni mərhələdə inkişafına zəmin yaratdığı qeyd olunub. Bildirilib ki, Hökumətlərarası Komissiyasının iclasının keçirilməsi də bu səfərin yaratdığı müsbət dönüşlərdən biridir və dövlət başçıları tərəfindən iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı komissiya qarşısında mühüm tapşırıqlar qoyulub.

Hökumətlərarası Komissiyanın iclasında isə iqtisadi əlaqələrdə maraq kəsb edən sahələr kimi energetika, nəqliyyat, kənd təsərrüfatı, turizm və infrastruktur üzrə mövcud vəziyyət və perspektivlər nəzərdən keçirilib. Bildirilib ki, 2019-cu ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon ABŞ dolları təşkil edib. Ötən il Ukrayna ölkəmizin xarici ticarət dövriyyəsində 9-cu, idxalda 7-ci, ixracda 16-cı yeri tutub. İqtisadi əməkdaşlıq hər iki ölkədə ticarət evlərinin fəaliyyəti, perspektivli sahələrdə və sənaye parklarında yeni investisiya layihələri, ixracyönümlü birgə müəssisələrin yaradılması ilə daha da inkişaf edə bilər.

Komissiyanın həmsədri, P.Şahbazov deyib ki, ötən il Azərbaycandan Ukraynaya ixracın əsas hissəsini xam neft təşkil edib. “SOCAR Energy Ukraine” şirkəti 304 milyon ABŞ dollarından çox investisiya yatırıb. Şirkətin bu ölkədə 60-dan çox YDM-si və 4 neft bazası fəaliyyət göstərir. SOCAR-ın Ukraynadakı fəaliyyətini genişləndirməsi, neft-qaz sahəsi ilə yanaşı, bərpa olunan enerji və enerji səmərəliliyi, eləcə də qeyri-neft sektoru üzrə əməkdaşlıq təklifləri iqtisadi əlaqələrimizin yeni potensial istiqamətləri kimi çıxış edir: “Bu səfər çərçivəsində işgüzar dairələrin nümayəndələrindən ibarət heyətlə Odessa və Kiyevdə infrastruktur layihələri ilə tanış olduq və təklifləri dinlədik. Düşünürəm ki, bu müzakirələrin nəticələri olaraq biz irəlidə bir çox sahələrdə birgə sərmayə layihələri həyata keçirə və əməkdaşlığımızı daha da möhkəmləndirə biləcəyik. Bunun üçün siyasi iradə, niyyət və geniş imkanlar mövcuddur. Bütün sahələrdə əməkdaşlığa açığıq və hesab edirəm ki, komissiyanın iclası bu məsələlərin həllinə töhfə verəcək”.

İndiyə kimi ölkəmizə 270 milyard ABŞ dolları məbləğində sərmayə qoyulduğunu vurğulayan nazir deyib ki, hazırda Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlar kursu da məhz iqtisadiyyatın şaxələndirilməsi, qeyri neft sektorunun inkişafı və investisiya mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Komissiyanın Ukrayna tərəfindən həmsədri, İnfrastruktur naziri Vladislav Krikli isə bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 2 milyard ABŞ dollarına çatdırmaqla bağlı hədəf var. Bu məqsədlə intensiv əlaqələrin, hər iki ölkə şirkətlərinin potensial layihələr üzrə səmərəli əməkdaşlığının davam etdirilməsi vacibdir.

Müzakirələrdən sonra Hökumətlərarası Komissiyanın iclasının yekunlarına dair Protokol imzalanıb. Bundan başqa “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Ukraynanın Nazirlər Kabineti ilə Azərbaycan Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələrinin əməkdaşlarının ailə üzvlərinin ödənişli fəaliyyət növlərini həyata keçimələri haqqında Saziş”, ”Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Lvov vilayəti dövlət administrasiyası (Ukrayna) arasında əməkdaşlıq haqqında Saziş, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Ukraynanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu”, "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə Ukrayna Şərab İnstitutu arasında elmi-texniki əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 945