Adamların əsəbləri ilə oynamaq şərtdirmi?


23:24     21 May 2015 e6e838f473e82f29749be363b039afff(1)6.jpg

Azərbaycan böyük bir faciə yaşadı. Dövlət səfərbər oldu, prezident Dövlət Komissiyası yaratdı, faciə yerinə baş çəkib komissiyanın ilk iclasını özü keçirdi və çox sərt mesajlar verdi.


Dövlət işlədi, xilas elədi, mühafizə qurdu, tibbi yardım göstərdi, yaşayış yeri ayırdı...

Və bütün hadisələrdə olduğu kimi, bir də bu hadisənin informasiya tərəfi var.

Böyük olayların ən zəruri və həssas tərəfi cəmiyyəti informasiya ilə təmin etmək, şayiələrin və panikanın qarşısını almaqdır. Çünki ajiotaj, ölü sayı ilə bağlı fərqli şayiələr həmin an ildırım sürəti ilə yayılır. Rəsmi informasiyanın olmamağı aqressiyanı, panikanı və beləliklə də itkilərin sayını artırır.

Sonuncu bina yanğını zamanı isə rəsmi qurumların ictimaiyyətlə əlaqə strukturları çox yaxşı işlədilər. Mətbuat xidmətləri dərhal xəbərləri yenilədilər, fövqəladə hallar və səhiyyə nazirliklərinin mətbuat xidmətləri medianı, deməli cəmiyyəti də “online” xəbərlə təmin etdi. Bu qurumların rəsmi internet resursları ardıcıl yeniləndi.

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov dərhal dövlətin və Prezidentin mövqeyini açıqladı. Rəsmilər hadisə yerində mediaya açıqlama verdilər.

Baş prokuror Zakir Qaralov, Bakı meri Hacıbala Abutalıbov, fövqəladə hallar nazirinin hadisə yerində olan müavini Etibar Mirzəyev media ilə sıx işlədilər. Nəticə hamımızın xeyrinə oldu, şayiələr genişlənmədi, panikanın qarşısı alındı.

Azərbaycan avqust hadisələri zamanı olan informasiya ajiotajını yaşamadı. Hadisələr, olaylar, faciələr yaşana bilir. Amma bu hadisələrin baş verməsindən sonra diqqət yetiriləsi iki mühüm məqam var:

- zərərçəkmişləri xilas edib, hadisənin nəticələrini aradan qaldırmaq
- cəmiyyəti panikaya düşməyə, şayiələrin yayılmasına imkan verməmək.

İkincinin yolu yalnız doğru, operativ və rəsmi informasiya təminatından keçir. Və buna əməl etməmək cəmiyyətdə bir çox hallarda baş vermiş hadisədən daha dərin, daha pis yaralar aça bilir.

***

Bu olay zamanı internet media da çox aktiv və uğurla işlədi. Hətta ölkə əhalisinin informasiya aldığı yeganə mənbə kimi də qeyd oluna bilər.

Çox təəssüf ki, televiziyalar yenə “online” mediaya uduzdu. Onlar efirdən çal-çağırı yalnız “online” medianın və sosial şəbəkələrin təpkisindən sonra yığışdırdılar.

İnformasiya təminatında da ikinci dərəcəli rolu oynadılar. Çox az istisnalarla cəmiyyət yenə də xəbəri televiziyalardan almadı. Müqayisəyəgəlməz effekt fərqinə baxmayaraq, televiziyalar bu olayda da internet mediaya böyük çapda məğlub oldu.

Ola bilər ki, hansısa televiziya saytların “onun adından istifadə edərək piar olunmaq istədiyi" kimi qeyri-peşəkar bir yanaşma nümayiş etdirsin. Fakt budur ki, bu gün imic və ciddiyyət baxımından TV-lərin internet mediaya daha çox ehtiyacı var, nəinki əksinə.

Buna sübut isə elə dünən ATV kanalında baş vermiş hadisədir. Aparıcı Mətanət Əliverdiyeva verilişdə nəsə deyib, özlərinin dediyi kimi "milyonlarla tamaşaçı" fərqinə varmayıb. Lakin bu görüntü internet mediaya və sosial şəbəkələrə düşən kimi haqlı olaraq müzakirə mövzusuna çevrilib. Bunun özü artıq etiraf olunmalı faktdır: milyonlarla tamaşaçı, ya da o milyonların aktiv, ictimai fikrə təsir edən hissəsi nəzərlərinin istiqamətini dəyişib.

Bu bir reallıqdı ki, indi televiziyalarının əksərinin aparıcısı hərəkətlərini məhz saytlarda onlar barədə yazılacaqlara indeksləyir. Heç nə efir siyasətinə hesablanmır, hər şey "saytlar daha çox yazacaq" tezisinə hesablanıb. Ayrı-ayrı aparıcıların arasında "saytlar kimdən çox yazacaq" yarışı da varmış. Bu qədər bəsit və gülməli...

***

Bu hadisə bir daha göstərdi ki, televiziyaların efir siyasətinə bir daha baxmalarına ehtiyac var. Bəlkə də bu, onlar üçün peşəkar fikri sayılmaya bilər. Amma tamaşaçı fikridir. Televiziyanın efir siyasəti minlərlə tamaşaçını aqressivləşdirmək, özünə qarşı antipatik münasibət yaratmaq olmamalıdır. Çünki antipatiya tamaşaçını efirdən qaçırır, ikrah yaradır və belə qurumlar gələcəkdə effektli piarın bir hissəsi ola bilmir. Tamaşaçının aqressiya, antipatiya bəslədiyi kanal kimə və nəyə lazımdır? O, hansı prosesin iştirakçısı olub, hansı informasiya siyasətində uğura imza atacaq?


Bu antipatiyanın olmaması üçün isə kadrların peşəkarlardan seçilməsinə, daha savadlı və bilikli, efirdə özünü daşıya bilən, baş vermiş hadisələrin mahiyyətini anlayan aparıcılarla işləməyə ehtiyac var.

***

Milyonlar da qazanmaq olar, məşhurlaşmaq da, efirdən istifadə eləyib biznes-filan da qurmaq mümkündür. Amma adamların əsəbləri və ölkənin informasiya təhlükəsizliyi ilə oynamamaq şərtilə... //Lent.az

Açar sözlər:

Oxunub: 678


Oxşar xəbərlər