Hansı hallarda yaşıllıq ərazini ləğv etmək olar? - QANUN


14:40     06 Fevral 2020 2020/02/yasamal-agac-kesimi-femida5_1580985577.jpg


Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfəki mövzumu yaşıllıq ərazilərin kəsilməsi ilə bağlıdır. Bəzən vətəndşlar ağacların onların yaşayışına mane olduğunu bildirir, bəzən də sahibkarlar tikinti üçün yaşıllıq ərazini məhv edirlər.

Bu mövzuda qanun nə deyir? Hansı hallarda yaşıllıq ərazini ləğv etmək mümkündür?

Yaşıllıqların götürülməsi ilə bağlı qərarın verilməsi hər bir rayonun İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Prosesdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəf kimi iştirak edir. "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi, eləcə də Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası" əsasında İcra Hakimiyyəti başçısının sərəncam verir və müvafiq ərazidəki yaşıllıq ləğv edilə bilər. Müraciətə 10 gün ərzində cavab verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.08.2016-cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası"nın 2-ci hissəsinə əsasən yaşıllıqların götürülməsinə dair ərizə yerli icra hakimiyyəti orqanında qeydiyyata alınır, 2 gün ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün qeyd edilən Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur.



Bunun üçün vətəndaş aşağıdakı sənədləri İH-ə təqdim etməlidir:

- Ərizə
- Şəxsin şəxsiyyət vəsiqəsinin surəti
- Daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd (əmlak icarədədirsə, icarəni təsdiq edən sənəd)
- Daşınmaz əmlakın istifadədə olmasını təsdiq edən sənəd
- Yaşıllığın götürülməsinin əsaslandırılması


Müraciət edən hüquqi şəxsdirsə, onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surəti təqdim olunmalıdır. Ərizəçidən əlavə sənədlərin tələb olunması qadağandır.

Yerli icra hakimiyyəti orqanının yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 gündən gec olmayaraq qəbul edilir və 3 gün ərzində yaşıllığın götürülməsi haqqında qərar qəbul edilir. Nəticə ərizəçiyə təqdim olunur. Qərarın surəti 2 gün müddətində məlumat üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilir.

Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir:

- dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;
-şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;
- şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;
- ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda;
-texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;
- ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda.


Bu Qаydada nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #ağac   #yaşıllıq   #qanun   #hüquq   #ekologiya   #icra   #femida  

Oxunub: 1897