Vətəndaş hansı halda inzibati qaydada tutula bilər?


15:19     07 Fevral 2020 1414572607_mehkeme-cenubnews.jpg

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. İnzibati qaydada tutma fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması deməkdir. Bəs hansı hallarda vətəndaşlar inzibati qaydada tutula bilər?

Femida.az-ın məlumatına görə, inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün aşağıda göstərilən səlahiyyətli orqanlar bu hallarda tətbiq etmək hüququna malikdirlər:

müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - xırda xuliqanlıq edildikdə, şəxs polis işçisinin, habelə hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadıqda, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasını pozduqda, ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, avaralıqla məşğul olduqda, ov, balıq və digər su bioresurslarının ovu və mühafizəsi qaydaları pozulduqda, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında qanunsuz qaldıqda;

müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - sərhəd rejimi, sərhədboyu (sərhədboyu zolaq) rejim və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejim pozulduqda;

mühafizə olunan obyektin olduğu yerdə hərbiləşdirilmiş mühafizə dəstəsinin yuxarı vəzifəli şəxsi - mühafizə edilən obyektlərə, digər dövlət əmlakına və ya ictimai əmlaka qəsd edilməsi ilə əlaqədar inzibati xətalar törədildikdə;

müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəqliyyat vasitələrini idarə edən sürücülər və ya digər şəxslər tərəfindən yol hərəkəti qaydaları pozulduqda;

fövqəladə vəziyyət elan olunmuş yerin komendantı və xüsusi idarəetmə orqanının vəzifəli şəxsləri - fövqəladə vəziyyət rejimi pozulduqda;

müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejiminin tələbləri pozulduqda, o cümlədən dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, onların şəxsiyyətinin müəyyən edilməsi məqsədilə və ya dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədildikdə;

hərbi idarəetmə orqanlarının vəzifəli şəxsləri - hərbi vəziyyət rejiminin tələbləri pozulduqda;

müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma qaydaları pozulduqda, yaxud onlar Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda.

İnzibati qaydada tutulan şəxsə bu Məcəllə ilə müəyyən edilmiş hüquqları izah olunmalı, bu barədə inzibati qaydada tutma haqqında protokolda müvafiq qeyd aparılmalıdır.

İnzibati qaydada tutma müddəti nə qədərdir?

İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bu Məcəllənin bəzi hallar istisna olunmaqla, üç saatdan çox ola bilməz.

Sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün, yaxud əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər.

Fövqəladə və ya hərbi vəziyyət elan olunmuş ərazidə şəxs xüsusi verilmiş icazə vərəqələri olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda - komendant saatı bitənədək və ya onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda - tutulanın şəxsiyyəti müəyyən edilənədək müddətə inzibati qaydada tutula bilər.

Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda - tutulanın şəxsiyyəti müəyyən edilənədək, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədən şəxslər isə 48 saatadək inzibati qaydada tutula bilər.

İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır.

Fövqəladə və ya hərbi vəziyyət rejiminin müddəti bitdikdə, bu rejimin tələblərinin pozulması ilə əlaqədar inzibati qaydada tutulan şəxslər dərhal azad olunurlar.

İnzibati qaydada tutma barədə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər.

İnzibati qaydada tutma haqqında protokolunda nə yazılır?

İnzibati xəta törətmiş şəxs inzibati qaydada tutulduqda bu barədə protokol tərtib edilir və orada aşağıdakılar göstərilir:

protokolun tərtib edildiyi tarix və yer;

protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı;

tutulanın şəxsiyyəti haqqında məlumat;

tutmanın vaxtı və səbəbləri.

Protokol onu tərtib etmiş vəzifəli şəxs və tutulmuş şəxs tərəfindən imzalanır. Tutulmuş şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda qeyd edilir. Tutulmuş şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti tutulmuş şəxsə verilir.

İnzibati qaydada tutulmuş şəxsin hüquqları necə təmin edilir?


Səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün aşağıdakı tədbirləri görür:

tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını bildirmək, onun hüquqlarını izah etmək;

tutulmuş şəxsi inzibati xəta haqqında protokolla tanış etmək;

tutulmuş şəxsin xahişi ilə onun yaxın qohumlarına, işlədiyi və ya təhsil aldığı yerin müdiriyyətinə, yaxud vəkilinə məlumat vermək;

tutulmuş yetkinlik yaşına çatmayanın valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal məlumat vermək;

tutulmuş şəxslə davranışda onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmaq;

tutulmuş şəxsə öz vəkili ilə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq;

7. tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidəki vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq.


Femida.az

Açar sözlər:

Oxunub: 919