Göyçay polisi məktəblilərlə görüşüb


10:10     08 Fevral 2020 2020/02/FB_IMG_1581142306618_1581142324.jpg


DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Göyçay rayonu Çərəcə və Çərəkə kənd orta məktəblərinin şagirdləri ilə “Narkomaniyaya yox deyək”, “Dini radikalizmlə mübarizə” və “Erkən nikahın fəsadları” mövzularında maarifləndirici görüş keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin, Polis və Təhsil Şöbəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin və TTTYS-nın əməkdaşları iştirak edib.

Göyçay Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov narkotik vasitələrdən istifadənin insanlara vurduğu maddi və mənəvi zərərlərdən, ümumilikdə cəmiyyətdə törətdiyi sosial bəlalardan danışıb. Şöbə rəisi qeyd edib ki, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır.

Tədbirdə dini radikalizmin fəsadları barəsində də geniş məruzələrlə çıxışlar olub. Belə ki, çıxış edənlər dini radikalizmə qarşı effektiv mübarizə metodu kimi dini maarifləndirmə işinin əhəmiyyəti haqqında söhbət açıblar. Gənc nəslin dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyindən danışıblar.

Tədbirdə erkən nikah məsələsinə də toxunulub. Xüsusən də məktəbli qızların bu kimi hallarda diqqətli olmaları tövsiyyə olunub.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 795