Dağlıq Qarabağın azərbaycanlı icmasının bəyanatı BMT-nin sənədi kimi yayılıb


13:49     08 Fevral 2020 20_02_08_1581155430.jpg


“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı bəyanatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.


Bu barədə Femida.az-a icmadan məlumat verilib.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının həmin bəyanatında deyilirdi: “Biz, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən və digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlər 30 ilə yaxındır ki, erməni təcavüzündən əziyyət çəkirik.

1988-ci ildə başlayan bizə qarşı etnik təmizləmə siyasəti nəticəsində Ermənistan Azərbaycan ərazisinin beşdə birini işğal edib. Bu zaman 700 mindən çox azərbaycanlı ata-baba yurdundan didərgin düşüb.

Torpaqlarımızın işğalı zamanı minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, bir çox mülki şəxs itkin düşdü. Bir gecədə 613 mülki şəxsin, o cümlədən qadınların, uşaqların və qocaların erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi Xocalı şəhərində törədilən soyqırım azərbaycanlılara qarşı törədilmiş ən böyük qırğın olaraq tarixə ləkə kimi yazıldı. Təəssüf ilə bildiririk ki, bu cinayətləri törədənlər hələ də öz layiqli cəzalarını almayıblar.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Baş Assambleyası da daxil olmaqla dünya birliyi, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini, Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasının ayrılmaz hissəsi olaraq tanıdığını və bütün azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüquqlarını dəfələrlə təsdiq edib.

Femida.az

Açar sözlər: #Qarabağ   #BMT  

Oxunub: 1133